Rusiya ilə Ermənistan arasında son aylarda yaranan siyasi gərginlik yeni və daha kəskin bir mərhələyə qədəm qoyub. Kremldən verilən rəsmi bəyanatlarda Ermənistanın hazırkı xarici siyasət kursuna qarşı açıq narazılıq ifadə olunub və İrəvana ciddi xəbərdarlıq mesajları göndərilib. Moskvanın diqqət mərkəzində olan əsas məqam Ermənistan rəhbərliyinin Avropa İttifaqı və digər Qərb təsisatları ilə əlaqələri genişləndirmək istiqamətində atdığı addımlardır.
Bu kontekstdə Rusiya rəsmiləri Ermənistana Ukraynanın vaxtilə etdiyi səhvləri təkrarlamamağı tövsiyə edib və rəsmi İrəvana qarşı açıq şəkildə təhdid xarakterli fikirlər səsləndiriblər. Mövcud geosiyasi vəziyyət fonunda analitiklər dərhal Rusiyanın Ermənistan üzərindəki rıçaqlarına və real təsir imkanlarına diqqət yetiriblər. Ermənistanın həm iqtisadi, həm enerji, həm də ümumi təhlükəsizlik sahələrində Moskvadan tam şəkildə asılı olduğu reallığını nəzərə alsaq, iki ölkə arasındakı gələcək münasibətlərin necə inkişaf edəcəyi ətrafında aparılan müzakirələr daha da intensivləşib. Ermənistanın Avropa İttifaqına yaxınlaşma cəhdlərinə qarşı Rusiyanın hansı formada konkret müdaxilələr edə biləcəyi məsələsi xüsusilə aktualdır.
Politoloq Elçin Xalidbəylinin məsələ ilə bağlı Sfera.az-a açıqlamasında bildirib ki, Kremldən verilən son açıqlamalar birmənalı olaraq Ermənistana, konkret desək isə Paşinyan hakimiyyətinə ünvanlanmış birbaşa təhdiddir.
Ekspert vurğulayıb ki, Paşinyan hökumətinin siyasi gedişlərinin Ukraynanın keçmiş davranışları ilə müqayisə edilməsi olduqca ciddi siqnaldır:
"Bu o deməkdir ki, Rusiya rəhbərliyi Ermənistana qarşı da Ukrayna ssenarisinə bənzər sərt üsullardan istifadə edə biləcəyinə işarə vurur. Bu səbəbdən Ermənistan dövləti üçün son dərəcə mürəkkəb və təhlükəli bir dövrün başladığı şübhə doğurmur. Rusiyanın İrəvana təzyiq göstərmək üçün əlində kifayət qədər güclü iqtisadi və siyasi alətləri var. Bu mexanizmlərin başında, ilk növbədə, Ermənistana dünya bazarı qiymətlərindən qat-qat ucuz şərtlərlə satılan Rusiya enerji resursları dayanır. Moskva istədiyi an bu yanacağın qiymətini dünya bazarı səviyyəsinə qaldırmaq rıçaqına sahibdir. Ermənistanın isə qısamüddətli və ortamüddətli perspektivdə daxili tələbatı ödəyəcək alternativ enerji tədarükü mənbələri mövjud deyil və belə bir addım ölkədə dərhal kəskin enerji böhranına yol açacaq".
Ekspert deyib ki, digər bir mühüm zərbə Ermənistanın daxili aqrar sektoruna dəyə bilər:
"Çünki Ermənistanın kənd təsərrüfatı məhsullarının ixrac edildiyi əsas və demək olar ki, yeganə böyük bazar məhz Rusiyadır. Son dövrlərdə Moskva rəsmiləri bu ixracatın tamamilə məhdudlaşdırıla və ya dayandırıla biləcəyinə dair ilkin siqnalları verməyə başlayıblar. Əgər Paşinyan administrasiyası Qərbə inteqrasiya xəttini davam etdirərsə, erməni məhsullarının Rusiya bazarına girişi tamamilə bloklana bilər. Bu ssenari Ermənistan iqtisadiyyatına təqribən 6-7 milyard dollar həcmində nəhəng bir maliyyə zərbəsi vuracaq ki, yerli iqtisadiyyatın bu miqyasda itkiyə necə tab gətirəcəyi böyük sual altındadır.İqtisadi asılılıq bununla bitmir; Ermənistanın daxili elektrik şəbəkələri və strateji dəmir yolu infrastrukturu da hazırda tamamilə Rusiyanın hüquqi və idarəetmə nəzarəti altındadır. Bu mühüm amil rəsmi İrəvan üçün hər an fəaliyyəti iflic edilə biləcək əlavə bir problem mənbəyidir. Eyni zamanda, Rusiyanın Ermənistan ərazisində yerləşən hərbi bazaları və hərbi kontingenti də ən effektiv təzyiq vasitələrindən biri hesab olunur. Çünki bu silahlı qüvvələrdən gələcəkdə Ermənistanın daxili siyasi proseslərinə, hakimiyyət dəyişikliyinə və ya ictimai sabitliyin pozulmasına yönəlmiş birbaşa müdaxilə məqsədilə istifadə edilməsi realdır və bu, olduqca qorxulu bir ssenaridir. Nəhayət, Ermənistanın daxilində Rusiyaya xidmət edən və Moskva tərəfindən idarə olunan geniş agentura şəbəkəsinin mövcudluğu iddia edilir. Bura ümumi şəkildə keçmiş prezidentlər Robert Köçəryan və Serj Sarkisyanın rəhbərlik etdiyi müxalif siyasi düşərgələr, eləcə də ölkədə böyük nüfuza malik Erməni Apostol Kilsəsi daxildir. Bunlarla yanaşı, Kreml prosesləri sürətləndirmək üçün Ermənistana Samvel Karapetyan kimi yeni milyarder emissarlarını da cəlb edib. Həmin qüvvələrin artıq Rusiyanın maraqları çərçivəsində Paşinyana qarşı aktiv hakimiyyət uğrunda mübarizəyə başladıqları bəllidir. Bütün bu sadalanan daxili və xarici faktorlar onu göstərir ki, Ermənistanda keçiriləcək növbəti parlament seçkiləri ölkənin müstəqilliyinin və ümumi gələcək taleyinin müəyyənləşməsində tam mənası ilə həlledici rol oynayacaqdır".
Bəsti Rəfizadə
Sfera.az