Qadınlar arasında üz cizgilərini vizual olaraq cavanlaşdıran və qırışları dərhal yox etdiyini iddia edən kosmetik vasitələrə tələbat kəskin şəkildə artıb. Ümumiyyətlə, həm qadınlar, həm də kişilər zamanın axınına qarşı çıxaraq müxtəlif yaşlanma əleyhinə prosedurlardan aktiv istifadə edirlər. Lakin bu tələbatın çoxalması ilə paralel olaraq, keyfiyyətsiz və saxta məhsulların qurbanı olan insanların da sayı sürətlə çoxalıb. "Sərfəli qiymətə möcüzə" vəd edən bu təhlükəli vasitələr istehlakçıların həm pullarını, həm də ən əsası sağlamlıqlarını əllərindən alır. Sosial şəbəkələrdə reklam olunan və ya qeyri-rəsmi satış nöqtələrindən alınan kosmetik məhsullardan sonra bir çox qadının üzündə ciddi allergik reaksiyalar, kimyəvi yanıqlar və sağalmaz ləkələr yaranıb. "Aldım, istifadə etdim, amma üzüm tanınmaz hala düşdü" deyən zərərçəkənlərin sayı günü-gündən artmaqdadır.




Bəs istehlakçılar bu ciddi təhlükədən qorunmaq və aldanmamaq üçün nələrə mütləq diqqət etməlidirlər? 


 


Sfera.az bildirir ki, mütəxəssislər kosmetik məhsul alarkən ilk növbədə "şok endirimlər"ə və şübhəli dərəcədə aşağı qiymətlərə aldanmamağı tapşırırlar.


 


Dünyaca məşhur bir brendin cavanlaşdırıcı kremi və ya serumu real bazar dəyərindən qat-qat ucuz satılırsa, bu məhsul 99% saxtadır, çünki keyfiyyətli xammal heç vaxt ucuz başa gəlmir. Həmçinin məhsulun qablaşdırma keyfiyyətinə, üzərindəki yazıların səliqəsinə diqqət yetirilməli və mobil telefonlardakı xüsusi proqramlar vasitəsilə məhsulun barkodu mütləq skan edilərək orijinallığı yoxlanılmalıdır. Sosial şəbəkələrdə, xüsusən də "Instagram" və "TikTok" platformalarında yayımlanan birtərəfli, şişirdilmiş reklam çarxlarına kor-koranə inanmaq olmaz. Bunun əvəzinə müstəqil forumlarda və rəy saytlarında real istifadəçilərin yazdıqları obyektiv şərhlər oxunmalıdır. Cavanlaşdırıcı məhsulların tərkibində civə, qurğuşun kimi ağır metalların və ya qadağan olunmuş zərərli kimyəvi maddələrin olub-olmadığı yoxlanılmalı, tərkibi bəlli olmayan məhsullardan tamamilə uzaq durulmalıdır.


 


Kosmetik vasitələri yalnız rəsmi mağazalardan və ya apteklərdən almaq, həmçinin satıcıdan məhsulun rəsmi uyğunluq sertifikatını tələb etmək hər bir alıcının qanuni hüququdur. Kosmetoloqlar xəbərdarlıq edirlər ki, saxta və keyfiyyətsiz cavanlaşdırıcı kremlərin tərkibindəki hormonal maddələr və toksinlər dərinin alt qatına nüfuz edərək hüceyrələri birbaşa məhv edir. Bu fəsadlar isə gələcəkdə qırışların azalması əvəzinə erkən qocalmaya, dəri xərçənginə və çətin sağalan ağır dermatoloji xəstəliklərə yol açır.


 


Bəsti Rəfizadə

Sfera.az