Ermənistan Silahlı Qüvvələrində hakimiyyətin xeyrinə açıq təbliğat aparıldığı iddia olunur.
Sfera.az bildirir ki, bu barədə erməni mediası məlumat yayıb. Yerli mətbuatın yaydığı məlumata görə, hərbi hissələrdə təbliğat işinin həyata keçirilməsi üçün bölmə komandirləri və ya onların səlahiyyətlərini icra edən hərbçilər cəlb olunublar. Bildirilir ki, xüsusilə son günlər şəxsi heyətlə “maarifləndirici” və “tərbiyəvi” xarakterli görüşlər keçirilib.
İddia edilir ki, görüşlər zamanı hərbçilərə qarşıdan gələn iyunun 7-də keçiriləcək seçkilərdə özlərinin layiq bildikləri siyasi qüvvəyə səs vermələrinin vacibliyi barədə çıxışlar edilir. Daha sonra isə bəzi komandirlərin şəxsi mövqelərini bölüşərək mövcud hakimiyyəti və Baş nazir Nikol Paşinyanı dəstəklədiklərini bildirdikləri qeyd olunur. Onların bunu hakimiyyətin ordu üçün gördüyü işlərlə əsaslandırdıqları vurğulanır.
Məqalədə daha əvvəl də yüzlərlə hərbçinin siyasi baxışlarına görə Silahlı Qüvvələrdən uzaqlaşdırıldığı barədə iddiaların səsləndirildiyi xatırladılıb. Nəşrin məlumatına görə, son aylarda aparılan yoxlamalar nəticəsində hakimiyyətə müxalif mövqedə olduqları müəyyən edilən 200-dən çox hərbçiyə xidmətlərinin davam etdirilməsinin məqsədəuyğun hesab edilmədiyi bildirilib.
Yazıda qeyd olunur ki, yaranmış şəraitdə hərbçilərin rəhbərliyin mövqeyinə zidd davranmasının çətin olduğu düşünülür.
Qeyd edək ki, məqalədə yer alan iddialarla bağlı Ermənistan Müdafiə Nazirliyinin və ya digər rəsmi qurumların mövqeyi təqdim olunmayıb.
İnci