Ermənistandan Rusiyaya bir sıra məhsulların ixracında ciddi çətinliklər və məhdudiyyətlərin yarandığı qeyd olunur.
Sfera.az erməni mediasına istinadən xəbər verir ki, məlumata görə, Ermənistan istehsalı olan bəzi məhsulların Rusiya ərazisinə buraxılmaması səbəbindən yükdaşımalarda problemlər müşahidə edilir. İddialara görə, Rusiya sərhəd-keçid məntəqələrində Ermənistandan gələn yük avtomobilləri geniş yoxlamalara cəlb olunur və bu proses bəzən uzun müddət davam edir.
Bildirilib ki, bəzi hallarda yük maşınları sərhəd ərazisində yerləşən dayanacaqlara yönləndirilir və orada günlərlə, hətta aylarla gözləməli olurlar. Bu müddət ərzində əlavə ödənişlərin də tələb olunduğu iddia edilir. Nəticədə, bəzi yüklərin Rusiyaya buraxılmadığı və geri qaytarıldığı bildirilir.
Məlumata görə, xüsusilə kənd təsərrüfatı məhsullarının – meyvə və tərəvəzin ixracında çətinliklər daha çox müşahidə olunur. Eyni zamanda, Ermənistan istehsalı olan bəzi içkilər, o cümlədən mineral su, spirtli içkilər və digər məhsulların Rusiyaya idxalında da məhdudiyyətlərin tətbiq edildiyi iddia edilir. İddialara əsasən, son dövrlərdə bəzi ixracatçı şirkətlər kənd təsərrüfatı məhsullarının Rusiya bazarına göndərilməsini dayandırıb və yalnız ayrı-ayrı məhsulların ixracı həyata keçirilib.
Bəzi mənbələr bu vəziyyətin Ermənistan məhsullarının Rusiya bazarlarında mövcudluğuna da təsir göstərdiyini və mağazalarda bir sıra məhsulların qıtlığının yarandığını bildirir.
İnci
Sfera.az