Pankreas (mədəaltı vəzi) xərçənginin müalicəsində son illərin ən diqqətçəkən və ümidverici uğurlarından biri elan edilib. Dünyanın ən ölümcül xərçəng növlərindən biri hesab olunan bu xəstəlik, yeni bir "ağıllı dərman" sayəsində 40 ildir əldə edilə bilinməyən kritik bir mərhələni geridə qoyub.




Sfera.az xarici mediaya istinadən xəbər verir ki, dünyanın ən böyük xərçəng konqresi olan Amerikanın Klinik Onkologiya Cəmiyyətinin (ASCO) iclasında, tibb dünyasında inqilab yaradacaq pankreas xərçəngi dərmanının "Faza-3" nəticələri ictimaiyyətə açıqlanıb.




"Daraxonrasib" adlı yeni ağıllı dərman, standart müalicələrə artıq cavab verməyən 500 pankreas xərçəngi xəstəsi üzərində sınaqdan keçirilib.




Tədqiqat çərçivəsində daha əvvəl müalicə almalarına baxmayaraq xəstəliyi irəliləməyə davam edən 500 pasiyent iki qrupa bölünüb. Bir qrupa hər gün "Daraxonrasib" preparatı, digər qrupa isə standart kimyaterapiya verilib. 




Nəticələrin təhlili tibb dünyasını heyrətə gətirib. Yeni dərmandan istifadə edənlərin orta yaşama müddəti 13,2 ay, kimyaterapiya alanların orta yaşama müddəti isə 6,7 ay olub.




Göründüyü kimi, yeni müalicə üsulu ilə xəstələrin həyatda qalma müddəti demək olar ki, iki dəfə artıb. Üstəlik, bu dərmanın kimyaterapiya ilə müqayisədə daha yüngül kənar təsirlərə malik olduğu təsbit edilib. Tədqiqatın nəticələri tibb aləminin ən nüfuzlu nəşrlərindən olan "New England Journal of Medicine" jurnalında dərc olunub.




Bəs bu dərmanı "inqilabi" edən nədir?




"Daraxonrasib" preparatının konqresdə ayaqüstə alqışlanmasının əsas səbəbi onun hədəf mexanizmidir. Yeni dərman pankreas xərçənglərinin demək olar ki, hamısını qidalandıran "Kras" adlı gen mutasiyasını birbaşa hədəf alır. Dərman molekulları bir-birinə bağlayaraq "Kras" genini bloklayır və onu tamamilə sıradan çıxarır. Ekspertlər qeyd edib ki, "Kras" geni ümumilikdə bütün xərçəng növlərinin 20 faizindən çoxunda mövcuddur.




ABŞ Qida və Dərman Administrasiyası (FDA) artıq ötən aprel ayında bu dərmana sürətləndirilmiş rəsmi razılıq verib. Lakin preparat hazırda qlobal miqyasda satışda deyil. Dərmanın dəqiq qiyməti barədə hələlik rəsmi məlumat yoxdur. Lakin ilkin təxminlərə görə, aylıq müalicə xərci on minlərlə dolları ola bilər.




Mütəxəssislər xəbərdarlıq edib ki, "Daraxonrasib" pankreas xərçənginin tam çarəsi demək deyil, lakin bu yolda atılmış nəhəng və tarixi bir addımdır. Gələcəkdə bu növ ağıllı dərmanlar sayəsində pankreas xərçənginin də eynilə HİV (QİÇS) kimi ölümcül olmaqdan çıxıb, nəzarət altında saxlanıla bilən xroniki bir xəstəliyə çevriləcəyi proqnozlaşdırılıb.




Bəsti Rəfizadə

Sfera.az