Rusiyanın Ermənistana qarşı tətbiq etdiyi iqtisadi məhdudiyyətlər Ermənistan vətəndaşlarının mövqeyinə mənfi təsir göstərə bilər və buna yol vermək olmaz.
Sfera.az xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan bildirib. Onun çıxışının videosu siyasətçinin rəsmi Telegram kanalında yayımlanıb.
“Avrasiya İqtisadi İttifaqının (Aİİ) Ermənistanda müsbət imicə malik olmasını təmin etmək mənim məsuliyyətimdir”, – deyə Paşinyan vurğulayıb.
Baş nazir qeyd edib ki, məhdudiyyətlərdən imtina olunmalıdır. Bununla yanaşı, o, sanitariya normalarına riayət edilməsinin vacibliyini də qeyd edib, lakin mövcud qərarların onun fikrincə siyasi xarakter daşıdığını bildirib.
Paşinyanın sözlərinə görə, İrəvan hələlik ölkənin Avrasiya İqtisadi İttifaqından çıxması ilə bağlı referendum keçirməyi planlaşdırmır. Ölkənin baş nazir müavini Mher Qriqoryan isə Ermənistanın ittifaq çərçivəsində vicdanlı şəkildə fəaliyyətini davam etdirmək niyyətində olduğunu bildirib.
Xatırladaq ki, 2026-cı ilin əvvəlindən etibarən Rusiya və Ermənistan münasibətlərində böhran müşahidə olunur. Buna səbəb 2025-ci ildə Ermənistanın Avropa İttifaqına yaxınlaşması, 2024-cü ildə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) üzvlüyün dondurulması, eləcə də Ukrayna Prezidenti Volodimir Zelenskinin İrəvana Avropa Siyasi Birliyinin sammiti çərçivəsində səfəri olub.
Moskva buna cavab olaraq dəfələrlə İrəvana Avropa İttifaqı ilə Avrasiya İqtisadi İttifaqı arasında seçim etməsi üçün çağırış edib.
İnci
Sfera.az