Əməkdar artist Aybəniz Haşımova bacısı, Xalq artisti Şahnaz Haşımovanı ad günü münasibətiylə təbrik edib.


 


Sfera.az xəbər verir ki, müğənni birlikdə olan fotolarına bunları yazıb:


 


“Rəssam səslər doğulur bəzən dünyaya… Bəli, dünyaya çox səslər gəlir. Amma nəğmə dili ilə danışan səslər çox az doğulur. O səslər ki, insanın ruhuna toxunur, taleyinə çevrilir, ömrü boyu ürəyində yaşayır… Və xoş o insanların halına ki, o səslərlə qarşılaşırlar. Mənim kimi…

Mən dünyaya gələndə, hələ gözümü həyata açmamışdan öncə tale məni bir səsin qucağına verdi. Evdə dünyaya gəldiyim üçün məni ilk dəfə anamın deyil, nəğmə dili ilə danışan bir bülbül səsinin nəfəsi qarşıladı. O səsin adı Şahnaz idi… O, mənim musiqi ilə ilk tanışlığım, Azərbaycan muğamını ilk duyduğum nəfəs, ana dilimin musiqi ahəngi idi. Mən Azərbaycan musiqisini onun səsi ilə sevdim. Muğamın nə olduğunu onun avazında anladım. Hətta sözlərin özünü belə onun oxuduğu nəğmələrin içində öyrəndim.Buna baxmayaraq ki,sonralar ifacı olmagımın qəti əlehinə idi... Bir gün fortepianoda ifamı görəndə cox bəyənib, əlimdən tutub məni Gəncədə İnşaatçılar adına Mədəniyyət Sarayına apardı və fortepiano sinfinə yazdırdı.


 


Sonra o səs məni ömrüm boyu müşayiət etdi…


 


Heç vaxt unutmaram… Gəncədə, Ulu Öndər Heydər Əliyevin qarşısında Fikrət Verdiyev mənə “Sarı bülbül” mahnısını oxumağı tapşıranda,mahnını, mahnının içində oxuduğum o Segah bəndini mənə ilk dəfə öyrədən Şahnaz xanım olmuşdu.


 


Şahnaz xanımın səsi: O səs mənim uşaqlığımdır, ata ocağımın nəfəsidir, anamın laylasıdır, atamın nəfəsidir, qanımı daşıyanların səsidir.

Şahnaz xanımın səsi Azərbaycanın, Gəncəmin səsidir!


 


Dünyaya gəlişin mübarək, anamın nəğməkar qızı”.axsam.az