Ermənistanda hakimiyyət uğrunda mübarizə dərinləşdikcə, revanşist qüvvələrin daxili auditoriyaya yönəlmiş manipulyasiya və nifrət ritorikası daha radikal müstəviyə keçib. Robert Köçəryan, Samvel Karapetyan və digər revanşist fiqurların bu gün siyasi səhnədə aktiv şəkildə tirajladıqları azərbaycanofobiya bəşəri cinayət xarakteri daşıyır.




Sfera.az xəbər verir ki, erməni müxalifətinin cəmiyyətə aşılamağa çalışdığı nifrət dolu mesajlar vaxtilə faşistlərin Almaniyada hakimiyyəti ələ keçirmək üçün istifadə etdikləri antisemit ritorika ilə tamamilə eynilik təşkil edir.




Əslində, Köçəryanın bu rasist təfəkkürü və faşist mahiyyəti beynəlxalq aləmə uzun illərdir məlumdur. O, hələ prezident olduğu dövrdə Avropa Şurasının ali tribunasından erməni və Azərbaycan xalqlarının"genetik olaraq birgə yaşaya bilməyəcəyini bəyan etməklə özünün etnik düşmənçilik ideologiyasını dünyaya nümayiş etdirib. Bu gün həmin faşist tezisləri yenidən dövriyyəyə buraxan qüvvələr Ermənistan cəmiyyətini növbəti fəlakətə sürükləyirlər.




Bu gün özlərini erməni xalqına "mifik qəhrəman" kimi təqdim etməyə çalışan Robert Köçəryan, Serj Sarqsyan və Seyran Ohanyanın əsl siması 44 günlük Vətən Müharibəsi zamanı tam çılpaqlığı ilə ifşa olunub.




Həmin dövrdə siyasi şou yaratmaq və xal qazanmaq naminə Qarabağa gələn bu üçlük, Azərbaycan Ordusunun dəmir yumruğu qarşısında tab gətirə bilməyəcəklərini anladıqları an fərarilik etdilər. Məlumatlara görə, Azərbaycan tərəfi Robert Köçəryanın Qarabağdakı koordinatlarını dəqiq müəyyən edərək xüsusi həbs əməliyyatına hazırlaşırdı. Lakin rəsmi Bakının bu planından son anda Rusiya kəşfiyyatı vasitəsilə xəbər tutan Köçəryan dərhal İrəvana qaçıb.




Köçəryanın ardınca Serj Sarqsyan da dərhal Qarabağı tərk edib. Özünü "general" adlandıran Seyran Ohanyan isə Şuşanın Azərbaycan Ordusu tərəfindən azad olunması ərəfəsində döyüş meydanını qoyub qaçan sonuncu fərari olub.




İndi İrəvan meydanlarında yenidən revanşizmdən bəhs edən və Qarabağ nağılları danışan Köçəryan birdəfəlik anlamalıdır ki, onun bu siyasi bleflərinin heç bir real qarşılığı yoxdur. 




Beynəlxalq hüquq və bəşəriyyət qarşısında hərbi cinayətkar olan bu şəxslərin ədalət məhkəməsindən qaçması qeyri-mümkündür.




Savaş meydanından qorxaraq qaçan revanşist liderlərin törətdikləri hərbi cinayətlərə, Xocalı qırğınına və dinc insanlara qarşı həyata keçirdikləri terror siyasətinə görə cavab verəcəkləri gün mütləq gələcək. 




Bəsti Rəfizadə

Sfera.az