Ermənistanda keçirilən seçki kampaniyaları və daxili siyasi xaos bir daha təsdiqləyir ki, rəsmi İrəvan hələ də müstəqil gündəm formalaşdırmaq iqtidarında deyil. Ölkədəki daxili siyasi mübarizənin əsas istiqamətini, ritmini və mövzularını daxili sosial-iqtisadi proqramlar yox, məhz Azərbaycanla bağlı faktorlar və Prezident İlham Əliyevin rəsmi bəyanatları müəyyən edir.




Sfera.az xəbər verir ki, İrəvanda hakimiyyət uğrunda yarışan tərəflərin hər bir addımı Bakıdan gələn mesajlara verilən reaksiyalar üzərində qurulub.




Regionun iki ölkəsindəki seçki mühitini müqayisə etdikdə fundamental bir fərq ortaya çıxıb. Azərbaycanda keçirilən seçkilərdə Ermənistan faktoru heç vaxt daxili siyasi amil və ya manipulyasiya aləti kimi rol oynamayıb. Azərbaycan cəmiyyəti və siyasi sistemi milli maraqlar ətrafında monolit birliyə sahibdir və xarici qüvvələrin ritorikasına ehtiyac duymur.




Lakin Ermənistanda mənzərə tamamilə fərqlidir. İrəvanın siyasi elitası Bakıdan gələn bəyanatları öz daxili auditoriyalarını idarə etmək üçün əsas kompas hesab edir. Bu vəziyyət, Azərbaycanın regionda artan geosiyasi nüfuzunun, sarsılmaz hərbi-siyasi gücünün və regionun gələcəyini müəyyən edən əsas real söz sahibinə çevrilməsinin birbaşa sübutudur.




Erməni siyasətçilər öz uğursuzluqlarını pərdələmək, xalqın sosial problemlərini unutdurmaq və daxili auditoriyanı daim təzyiq altında saxlamaq üçün "Azərbaycan təhlükəsi" mifini tirajlamaqda davam edirlər. Reallıqda isə rəsmi Bakı hər zaman beynəlxalq hüquqa söykənən sülh gündəliyini müdafiə edir və Ermənistana hücum etmək kimi bir planı yoxdur. Lakin bu qorxu ssenarisi Ermənistandakı revanşist qüvvələr üçün göydəndüşmə bir siyasi alətə çevrilib.




Ermənistanın keçmiş prezidenti, "Qarabağ klanı"nın rəhbəri Robert Köçəryan və onun ətrafındakı revanşist qruplaşmalar seçkilərdə məhz bu qorxu hissini manipulyasiya edərək yenidən hakimiyyətə gəlməyə çalışırlar. Son dövrlər siyasi xal qazanmaq yarışına girən Köçəryan iddia edir ki, əgər o, ölkəyə rəhbərlik etsəydi, Azərbaycan Qarabağı geri qaytara bilməzdi və Ermənistana qarşı hərbi təzyiq göstərməzdi.




Özünü cəsarətli və qətiyyətli lider kimi təqdim etməyə çalışan Köçəryanın bu bəyanatları sadəcə seçkiqabağı manipulyasiyadır və heç bir tarixi, hərbi və ya məntiqi əsası yoxdur. Reallıq budur ki, bu populist vədləri verən şəxslər vaxtilə Azərbaycanın hərbi, iqtisadi və diplomatik gücü qarşısında necə aciz qaldıqlarını öz cəmiyyətlərindən gizlətməyə çalışırlar. Köçəryan və komandası yaxşı anlayır ki, 44 günlük müharibədə darmadağın edilən hərbi sistem məhz onların onilliklər boyu qurduğu uğursuz və korrupsiyalaşmış strukturun nəticəsi idi.




Ermənistandakı radikal qüvvələr bir həqiqəti mütləq şəkildə dərk etməlidirlər ki, əgər revanşist qüvvələr Ermənistanda yenidən idarəçiliyi ələ keçirib Azərbaycana qarşı hər hansı hərbi və ya siyasi təxribata, yaxud "intiqam" cəhdinə əl atsalar, qarşılarında yenə də modern və sarsılmaz Azərbaycan Ordusunu görəcəklər. İrəvanın siyasi elitası populist vədlərlə xalqı növbəti fəlakətə sürükləmək əvəzinə, regionun yeni geosiyasi reallıqları ilə barışmağa məhkumdur.


 


Bəsti Rəfizadə

Sfera.az