Rusiyanın Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumunda çıxış edən Kremlə yaxın şəxslər Ukrayna müharibəsi və Qərblə qarşıdurma ilə bağlı diqqətçəkən açıqlamalar veriblər.
Sfera.az bildirir ki, Kremlə yaxın media maqnatı və iş adamı Konstantin Malofeyev forumda çıxışı zamanı nüvə silahından istifadənin ən pis ssenari olmadığını iddia edib.
Onun sözlərinə görə, Rusiya üçün ən mənfi ssenari ölkənin gələcəkdə məğlubiyyətə uğraması və Qərblə qarşıdurmada zəifləməsidir. Malofeyev belə bir vəziyyətin Rusiyanın gələcəyinə ciddi təsir göstərə biləcəyini bildirib.
Forumda çıxış edən keçmiş Rusiya Xarici Kəşfiyyat Xidmətinin (SVR) polkovniki Andrey Bezrukov isə qarşıdakı illərdə, hətta onilliklər ərzində münaqişələrin davam edə biləcəyini deyib.
"Yaxın bir neçə il, bəlkə də bir neçə onillik ərzində müharibə şəraitində yaşayacağımızı qəbul etməliyik",– deyə o bildirib.
Bezrukov həmçinin müasir texnologiyaların, xüsusilə peyk rabitə sistemlərinin müharibələrdə mühüm rol oynadığını vurğulayıb.
Tədbirdə iştirak edən Belarusun müdafiə naziri Viktor Xrenin də Ukrayna müharibəsinin daha genişmiqyaslı qarşıdurmaya çevrilə biləcəyi ilə bağlı xəbərdarlıq edib. O, NATO-nun regionda hərbi fəallığının artdığını iddia edərək Belarusun Rusiya ilə birlikdə hərəkət edəcəyini vurğulayıb.
Qeyd edək ki, sözügedən açıqlamalar Rusiya-Ukrayna müharibəsinin gələcəyi və beynəlxalq təhlükəsizlik məsələləri ətrafında müzakirələrin davam etdiyi bir dövrdə səsləndirilib.
İnci
Sfera.az