Yay mövsümündə dərisini qaraltmaq istəyən şəxslərin sayı çox olur. Bunun üçün bəzi şəxslər təbii yoldan istifadə etsə də, bir çox insan süni variantdan, yəni solaryumdan istifadə edir. Solaryumun insan orqanizmi üçün yaratdığı risklərlə bağlı müxtəlif fikirlər mövcuddur. Müasir dövrdə insanlar gün ərzində saatlarla telefon, kompüter və digər elektron cihazlardan da istifadə edir. Bu zaman müxtəlif növ şüalanmalara məruz qalındığı halda, solaryumun yaratdığı əlavə UB yükünün (ultrabənövşəyi şüalanma) insan orqanizminə necə təsir göstərdiyi də maraq doğurur.


 


Bəs solaryum həqiqətən təhlükəlidirmi? O, hansı risklər yaradır?


 


Məsələ ilə bağlı tibb üzrə fəlsəfə doktoru, həkim-onkoloq Fərid Museyibov Sfera.az-a açıqlama verib. 


 


Onun fikrincə, həm solaryumdan istifadə zamanı, həm də günəş şüaları altında uzun müddət qaldıqda insan sağlamlığı üçün ciddi risklər yaranır: 


 





“Bu təsirlərin ən təhlükəli nəticələrindən biri isə onkoloji xəstəliklər arasında geniş yayılmış dəri xərçənginin inkişaf etməsidir. Buna görə də həm təbii günəş şüalarından, həm də süni ultrabənövşəyi şüa mənbələrindən istifadə zamanı son dərəcə diqqətli olmaq vacibdir. Son illərdə xüsusilə gənclər arasında solaryuma marağın artdığı müşahidə olunur. Lakin burada nəzərə alınmalı olan mühüm məqamlar var. Solaryumdan istifadə zamanı həm dərinin tipi və rəngi, həm də prosedurun müddəti mütləq nəzərə alınmalıdır. Bəzi insanlar düşünürlər ki, solaryumda daha çox vaxt keçirməklə daha tez qaralmaq və istədikləri nəticəni əldə etmək mümkündür. Halbuki bu, sağlamlıq baxımından ciddi risklər yarada bilər”.


 


Mütəxəssis bildirib ki, solaryumdan istifadənin müəyyən doza və vaxt çərçivəsində olması vacibdir:


 


“Uzun müddət ultrabənövşəyi şüalara məruz qalmaq dəridə hüceyrə dəyişikliklərinə səbəb ola və nəticədə dəri xərçənginin ən təhlükəli növlərindən biri hesab olunan melanomanın yaranma riskini artıra bilir. Digər mühüm məqam ise irsi meylliklə bağlıdır. Əgər ailədə melanoma və ya digər dəri xərçəngi halları qeydə alınıbsa, belə şəxslərin solaryumdan istifadə etmələri ümumiyyətlə tövsiyə olunmur. Çünki genetik risk faktorları ultrabənövşəyi şüaların mənfi təsirlərini daha da gücləndirə və xəstəliyin yaranma ehtimalını artıra bilər”.


 


Bəsti Rəfizadə

Sfera.az