Rusiya Federasiyası baytarlıq riskləri yaranacağı təqdirdə Ermənistandan balıq məhsullarının tədarükünə tətbiq edilən məhdudiyyətləri daha da genişləndirəcək.
Sfera.az “TASS”a istinadən xəbər verir ki, bu barədə "Rosrıbolovstvo"nun (Federal Balıqçılıq Agentliyi) rəhbəri İlya Şestakov Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumu (SPIEF) çərçivəsində jurnalistlərə açıqlamasında bildirib.
Gözlənilən qadağalar barədə danışan qurum rəhbəri qeyd edib ki, hazırda İrəvandan diri balıq idxalına artıq məhdudiyyətlər tətbiq olunub: "Əgər gələcəkdə Rusiyanın baytarlıq təhlükəsizliyinə mənfi təsir göstərə biləcək yeni amillər və risklər aşkarlanarsa, şübhəsiz ki, növbəti addımlar atılacaq və məhdudiyyətlər sərtləşdiriləcək".
İ. Şestakov Ermənistandan Rusiyaya təkcə diri balıq deyil, həm də soyudulmuş balıq məhsullarının gətirildiyini diqqətə çatdırıb. Lakin onun sözlərinə görə, Ermənistandan gələn farel (alabalıq) balığının Rusiyanın daxili bazarında payı böyük olsa da, mümkün qadağa ölkədə qıtlıq yaratmayacaq:
"Ermənistan farel balığının idxalı baxımından kifayət qədər böyük həcmə sahib idi. Lakin bu, daxili bazarın təminatına heç bir mənfi təsir göstərməyəcək. Çünki Rusiyanın özündə kifayət qədər farel istehsal olunur. Üstəlik, bu idxal digər ölkələrlə, xüsusən də Türkiyə ilə əvəzlənəcək".
Bəsti Rəfizadə
Sfera.az