"13 yaşınadək uşaqların sosial şəbəkələrdən istifadəsi tam qadağan olunmalıdır".


 


Sfera.az xəbər verir ki, bunu səhiyyə nazirinin müavini İlqar Qasımov Milli Məclisin İnsan hüquqları, Ailə, qadın və uşaq məsələləri, Hüquq siyasəti və dövlət quruculuğu komitələrinin birgə iclasında "İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında" qanun layihəsinin müzakirəsi zamanı deyib.


 


Nazir müavini bildirib ki, son illərdə Ümumdünya Səhiyyə Təşkilatının apardığı tədqiqatlar sosial şəbəkələrdən həddindən artıq istifadənin yeni nəslin sağlamlığı üçün müəyyən risklər yaratdığını göstərir.


 


Onun sözlərinə görə, uşaqların virtual həyatındakı ən ciddi problemlərdən biri onların real həyatdan uzaqlaşmasıdır:


 


"Virtual aləmdə əsas motivasiya vasitələrindən biri 'layk'lardır. Bu da dopamin ifrazını artırır və uşaqların psixoloji vəziyyətinə təsir göstərə bilir. Bu, kifayət qədər ciddi problemdir və onun sadə həlli yoxdur".


 


İlqar Qasımov qeyd edib ki, mütəxəssislərin ümumi rəyinə əsasən, 13 yaşınadək uşaqların sosial şəbəkələrdən istifadəsi qadağan edilməli, 13 yaşdan sonra isə valideyn nəzarəti altında istifadəyə icazə verilməlidir. O əlavə edib ki, 16 yaşdan sonra sosial şəbəkələrdən müstəqil istifadə mümkün ola bilər.


 


Nazir müavini eyni zamanda vurğulayıb ki, bəzi hallarda virtual məkan əlilliyi olan uşaqlar üçün sosiallaşma imkanı yaradır:


 


"Real həyatda məhdudiyyətlərlə üzləşən uşaqlar sosial şəbəkələr vasitəsilə ünsiyyət qura bilir və bu onlar üçün mühüm əhəmiyyət daşıyır".


 


Sonda İlqar Qasımov ifrat qadağaların tərəfdarı olmadığını bildirərək, valideyn məsuliyyətinin xüsusi önəm daşıdığını qeyd edib. O vurğulayıb ki, hər hansı məhdudiyyət tətbiq edilərkən uşaqlara idman, mütaliə və digər faydalı fəaliyyətlər kimi alternativlər də təqdim olunmalıdır.


 


Firuzə Əliyeva

Sfera.az