Tanınmış saç ustası Elbəy Ağayevin təşkilatçılığı ilə “ELBEY Global Masterclass 2026” adlı beynəlxalq tədbir baş tutub.


 


Sfera.az xəbər verir ki, Park Bulvarda yerləşən “Hayal kahvesi"ndə keçirilən master-klassa 400-ə yaxın iştirakçı qatılıb. Tədbirdə Azərbaycanla yanaşı, Rusiya, Gürcüstan, Qazaxıstan və digər ölkələrdən gələn peşəkarlar da iştirak ediblər.


 


Tədbirin açılışında çıxış edən Elbəy Ağayev qonaqları və media nümayəndələrini salamlayaraq layihənin beynəlxalq əhəmiyyət daşıdığını bildirib. Onun sözlərinə görə, müxtəlif ölkələrdən mütəxəssislərin Bakıda bir araya gəlməsi həm Azərbaycan üçün, həm də saç ustalığı sahəsinin inkişafı baxımından mühüm hadisədir.


 


Ağayev qeyd edib ki, əvvəllər peşəkar bilik və təcrübə qazanmaq üçün xarici ölkələrə üz tutan yerli mütəxəssislər artıq beynəlxalq səviyyəli təlimləri Azərbaycanda əldə etmək imkanı qazanırlar. O, müxtəlif ölkələrdən gələn iştirakçıların tədbirə göstərdiyi marağı böyük uğur kimi dəyərləndirib.


 


Saç ustası fəaliyyətinin uğur sirri barədə danışarkən bunun fərdi deyil, komanda işi olduğunu vurğulayıb. O bildirib ki, davamlı inkişaf, yenilikləri izləmək və öz üzərində işləmək əldə olunan nəticələrin əsas səbəbidir. Master-klass çərçivəsində iştirakçılara 2026-cı ilin saç kəsimi, rəngləmə və stil trendləri barədə məlumat verilib.


 


Elbəy Ağayev tədbirə olan yüksək marağın layihənin əhəmiyyətini göstərdiyini deyərək, bu miqyasda iştirakçı və qonaqları bir araya gətirməyin asan olmadığını qeyd edib.


 


O, həmçinin növbəti böyük layihə ilə bağlı planlarını da açıqlayıb. Bildirib ki, “ELBEY Global Masterclass”ın növbəti buraxılışının 2027-ci ildə Dubayda keçirilməsi nəzərdə tutulur və layihənin beynəlxalq miqyasının daha da genişləndirilməsi hədəflənir.


 


Sonda Elbəy Ağayev tədbirin işıqlandırılmasına görə media nümayəndələrinə təşəkkürünü ifadə edib.


 


Firuzə Əliyeva




Sfera.az