Ermənistanda keçirilən parlament seçkilərinin nəticələri regionda siyasi proseslərin gələcək istiqaməti ilə bağlı müzakirələri yenidən aktuallaşdırıb. Baş nazir Nikol Paşinyanın rəhbərlik etdiyi “Vətəndaş Müqaviləsi” Partiyasının parlamentdə yerlərin yarıdan çoxunu qazanaraq hakimiyyətini qoruması İrəvanın daxili və xarici siyasət kursunun dəyişməyəcəyinə dair gözləntiləri gücləndirib. Bununla yanaşı, seçkilərin nəticələri Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması prosesinin hansı mərhələyə keçəcəyi, sülh sazişinin imzalanması, sərhədlərin delimitasiya və demarkasiyası, regional kommunikasiyaların açılması, eləcə də Ermənistan Konstitusiyasında dəyişikliklərlə bağlı məsələlərin nə vaxt və hansı formada həll olunacağı suallarını da gündəmə gətirib.
Bəs Paşinyanın yenidən hakimiyyətdə qalması Azərbaycanın irəli sürdüyü tələblərin yerinə yetirilməsini sürətləndirə bilərmi? Ermənistan hökuməti bu istiqamətdə hansı müddətdə real addımlar ata bilər?
Mövzu ilə bağlı Sfera.az-a açıqlama verən politoloq Rəşad Bayramov bildirib ki, Paşinyanın rəhbərlik etdiyi "Vətəndaş Müqaviləsi" Partiyasının parlamentdə üstünlüyünü qoruması Ermənistanın yaxın illərdə siyasi sabitliyini müəyyən qədər təmin edə bilər.
Onun sözlərinə görə, bu baxımdan, Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması istiqamətində qərarların qəbul edilməsi üçün İrəvanın əvvəlki dövrlərlə müqayisədə daha geniş siyasi imkanlara malik olduğu qənaəti formalaşır:
“Lakin Azərbaycanın irəli sürdüyü məsələlərin hansı müddətdə həll olunacağı təkcə seçki nəticələrindən deyil, həm də Ermənistanın daxili siyasi vəziyyətindən, regional geosiyasi amillərdən asılı olacaq.
Azərbaycanın əsas gözləntiləri uzun müddətdir məlumdur - sülh sazişinin imzalanması, sərhədlərin delimitasiya və demarkasiyası prosesinin sürətlənməsi, kommunikasiyaların açılması, eləcə də Ermənistan Konstitusiyasında Azərbaycana qarşı ərazi iddialarını ehtiva edən müddəaların dəyişdirilməsi. Məhz sonuncu məsələ xüsusilə vacib hesab olunur”.
Politoloq qeyd edib ki, Paşinyanın yenidən güclü mandat əldə etməsi ona nəzəri baxımdan daha cəsarətli qərarlar qəbul etmək imkanı yaradır:
“Hökumətin parlamentdə sabit çoxluğa malik olması sülh gündəliyi ilə bağlı addımların atılması üçün siyasi resursları da artır. Lakin Ermənistan cəmiyyətində və müxalif düşərgədə Azərbaycanla münasibətlərin normallaşdırılması məsələsinə münasibət tam yekdil deyil. Xüsusilə konstitusiya dəyişiklikləri və ya regional kommunikasiyalarla bağlı məsələlər daxili siyasi müzakirələrin predmeti olaraq qalır. Son seçkilərdə Paşinyanın təkbaşına hökumət qurmaq imkanı əldə etməsinə baxmayaraq Konstitusiya dəyişikliyi üçün üçdə iki səs çoxluğu əldə edə bilməməsi də vəziyyəti mürəkkəbləşdirir. Bu səbəbdən yaxın perspektivdə bir sıra məsələlərlə bağlı, məsələn Zəngəzur dəhlizi, sərhədlərin delimitasiya və demorkasiyası prossesi ilə bağlı irəliləyişin əldə olunması real görünsə də Konstitusiya dəyişiklikləri kimi fundamental məsələ yenə də uzana bilər”.
R.Bayramov hesab edir ki, Azərbaycanın mövqeyindən baxdıqda Bakı üçün əsas məsələ proseslərin vaxtından çox, nəticəyönümlü olmasıdır:
"Azərbaycan rəhbərliyi dəfələrlə bəyan edib ki, davamlı sülh üçün hüquqi və siyasi əsaslar tam formalaşdırılmalıdır. Buna görə də Bakı İrəvanın atacağı addımların praktiki nəticələrinə üstünlük verir. Ümumilikdə isə, Paşinyanın hakimiyyətdə qalması Azərbaycanın gündəmə gətirdiyi məsələlərin həlli üçün daha əlverişli siyasi şərait yaradır deyə bilərik”.
Firuzə Əliyeva
Sfera.az