Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib ki, Ermənistanın KTMT-yə üzvlük haqlarını ödəməməsi səbəbindən təşkilatın nizamnaməsində nəzərdə tutulan müvafiq mexanizmlərin tətbiqi nəzərdən keçiriləcək.
Sfera.az xarici mediaya istinadən xəbər verir ki, Lavrov xatırladıb ki, Ermənistan nümayəndələri artıq iki ilə yaxındır ki, KTMT tədbirlərində iştirak etmirlər.
Onun sözlərinə görə, Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan iyunun 7-də təşkilatla bağlı suala cavab verərkən bildirib ki, ölkə KTMT-nin fəaliyyətində iştirak etmədiyi üçün üzvlük haqlarını da ödəmir.
Lavrov qeyd edib ki, Ermənistanın KTMT büdcəsinə borcu artıq iki ildən çoxdur yığılır və bu vəziyyət təşkilatın nizamnaməsində nəzərdə tutulub. Buna görə də üzv ölkələr müvafiq maddənin işə salınmasını müzakirə etmək barədə razılığa gəliblər.
Rusiya XİN başçısı həmçinin vurğulayıb ki, Ermənistan formal olaraq KTMT üzvü olaraq qalsa da, paralel şəkildə NATO ölkələri ilə əməkdaşlığını genişləndirir. Onun sözlərinə görə, İrəvan NATO üzvləri ilə hərbi təlimlər keçirir, hərbi təyinatlı məhsullar alır və müxtəlif hərbi nümayəndə heyətləri ilə mübadilə aparır.
KTMT Nizamnaməsinin 20-ci maddəsinə əsasən, üzv dövlət iki il ərzində təşkilatın büdcəsinə olan borcunu ödəmədiyi halda, onun vətəndaşlarının təşkilatdakı kvotalı vəzifələrə irəli sürülməsi hüququ dayandırıla və həmin ölkə səsvermə hüququndan məhrum edilə bilər.
Bundan əlavə, üzv dövlət nizamnamənin müddəalarını və ya təşkilatın qərarlarını yerinə yetirmədiyi halda, onun KTMT-nin fəaliyyətində iştirakı dayandırıla və ya üzvlüyünə xitam verilə bilər.
Xatırladaq ki, Ermənistan 2024-cü ilin fevralında KTMT-də iştirakını dondurduğunu açıqlamışdı.
İnci