Dünyada ilk dəfə əsas komponenti tamamilə süni intellekt tərəfindən hazırlanan peyvənd insanlar üzərində sınaqdan keçirilib.


 


İlkin nəticələr peyvəndin təhlükəsiz olduğunu və müxtəlif koronavirus növlərini tanıya bilən anticisimlər yaratdığını göstərib.


 


Sfera.az xəbər verir ki, alimlərin məqsədi yalnız COVID-19-un mövcud variantlarına deyil, gələcəkdə yarasalardan və ya digər heyvanlardan insanlara keçə biləcək yeni koronaviruslara qarşı da qoruma təmin edən universal peyvənd hazırlamaqdır. Mütəxəssislərin sözlərinə görə, ənənəvi peyvəndlər müəyyən bir virusu hədəf aldığı üçün virusların mutasiyaya uğraması nəticəsində onların effektivliyi zamanla azalır. Məhz buna görə qrip peyvəndləri hər il yenilənir, COVID-19 peyvəndləri isə pandemiyanın başlanğıcından bəri bir neçə dəfə təkmilləşdirilib. Araşdırmanı aparan Kembric Universitetinin alimləri minlərlə koronavirusun genetik məlumatlarını süni intellekt vasitəsilə təhlil ediblər. Süni intellekt viruslar arasında ortaq qalan və gələcəkdə dəyişmə ehtimalı aşağı olan bölgələri müəyyənləşdirib. Tədqiqatçılar SARS və COVID-19-a səbəb olan virusların da daxil olduğu “Sarbekovirus” ailəsinin ümumi xüsusiyyətlərini aşkar edərək peyvəndin əsasını məhz həmin hissələr üzərində qurublar.


 


Yeni peyvənd COVID-19 pandemiyası dövründə geniş istifadə olunan mRNT texnologiyasından deyil, DNT əsaslı texnologiyadan istifadə edir. Alimlər bildirirlər ki, DNT peyvəndləri daha dayanıqlı olduğundan onların saxlanılması və daşınması daha asandır. Bu isə xüsusilə inkişaf etməkdə olan ölkələrdə soyuq zəncir infrastrukturuna olan ehtiyacı azalda bilər.


 


Araşdırmaçılar peyvəndin iynəsiz tətbiq edilə bildiyini də açıqlayıblar. Yüksək təzyiqli maye sistemi vasitəsilə peyvəndin dəri üzərindən orqanizmə yeridilməsi mümkündür. Alimlər son dövrlərdə Konqo Demokratik Respublikası və Uqandada qeydə alınan Bundibuqyo Ebola virusu nümunəsini də xatırladaraq bildiriblər ki, mövcud peyvəndlərin təsir göstərmədiyi virus növlərinə qarşı geniş qoruyucu peyvəndlər gələcəkdə mühüm həll yolu ola bilər. İnsanlar üzərində aparılan ilk sınaqlarda peyvəndin müxtəlif sarbekovirus növlərini tanıyan anticisimlərin yaranmasını stimullaşdırdığı və təhlükəsiz olduğu müəyyən edilib. Bu nəticələr süni intellektin gələcək pandemiyalara səbəb ola biləcək viruslara qarşı variantlardan asılı olmayan yeni nəsil peyvəndlərin hazırlanmasında mühüm rol oynaya biləcəyini göstərir.


 


Bəsti Rəfizadə


Sfera.az