Masaj təkcə əzələləri rahatlaşdıran və yorğunluğu aradan qaldıran prosedur deyil.
Araşdırmalara görə, masaj limfa sisteminin fəaliyyətini aktivləşdirərək orqanizmin təbii təmizlənmə prosesinə də mühüm dəstək verir.
Sfera.az xəbər verir ki, mütəxəssislərin sözlərinə əsasən, limfa sistemi bədəndə toplanan artıq mayenin, hüceyrə tullantılarının və müxtəlif zərərli maddələrin xaric olunmasında əsas rol oynayır. Lakin hərəkətsiz həyat tərzi, stress və digər amillər bu sistemin fəaliyyətini zəiflədə bilər. Bu zaman masaj limfa dövranını sürətləndirərək orqanizmin daha effektiv işləməsinə kömək edir. Mütəxəssislər bildiriblər ki, düzgün tətbiq edilən masaj nəticəsində bədəndə yaranan şişkinlik azalır, qan dövranı yaxşılaşır və toxumalara oksigen daşınması sürətlənir.
Bununla yanaşı, insan özünü daha yüngül, enerjili və rahat hiss edir. Limfa axınının aktivləşməsi immun sisteminin fəaliyyətinə də müsbət təsir göstərə bilər. Çünki limfa sistemi orqanizmin müdafiə mexanizmlərinin vacib hissəsi hesab olunur. Məhz buna görə də bir çox insan masaj seanslarından sonra özünü daha gümrah və sağlam hiss etdiyini bildirir. Masaj bədənin təbii təmizlənmə sisteminə verilən əlavə dəstək kimi qiymətləndirilir. Lakin hər hansı sağlamlıq problemi olan şəxslərin masaj prosedurlarına başlamazdan əvvəl həkimlə məsləhətləşməsi tövsiyə edilib.
Qeyd edək ki, son illər limfa drenaj masajlarına maraq əhəmiyyətli dərəcədə artıb. Bu prosedur xüsusilə ödemdən, şişkinlikdən və uzunmüddətli yorğunluq hissindən əziyyət çəkən insanlar arasında geniş yayılıb.
Bəsti Rəfizadə
Sfera.az