Siqareti tərgitmək istəyənlər arasında saunanın nikotini orqanizmdən tərləmə yolu ilə çıxardığı və siqaretə olan istəyi azaltdığı ilə bağlı fikirlər yayılıb. Lakin araşdırmalar bu iddianı təsdiqləmir.


 


Sfera.az xəbər verir ki, mütəxəssislərin sözlərinə görə, nikotin əsasən qaraciyərdə parçalanır və orqanizmin təbii maddələr mübadiləsi prosesləri vasitəsilə xaric olunur. Bu səbəbdən saunada bir neçə gün vaxt keçirməyin nikotini “tərlədərək çıxarması” və ya siqaret asılılığını aradan qaldırması elmi cəhətdən sübut edilməyib.


 


Bununla belə, sauna siqareti tərgitmə prosesində müəyyən faydalar verə bilər. İstilik və rahat mühit stressin azalmasına, yuxu keyfiyyətinin yaxşılaşmasına və bəzi insanlarda siqaret istəyinin yaratdığı gərginliyin azalmasına kömək edir. Mütəxəssislər bildiriblər ki, siqareti tərgitmək ilk növbədə beynin və orqanizmin nikotinsiz həyata uyğunlaşması ilə bağlıdır.


 


Bu prosesdə müntəzəm fiziki fəaliyyət, kifayət qədər su qəbulu, sağlam yuxu rejimi və sosial dəstək mühüm rol oynayır. Qeyd olunub ki, siqaretdən imtina etdikdən sonra orqanizmdə müsbət dəyişikliklər qısa müddətdə başlayır. Qan dövranı yaxşılaşır, ağciyərlərin fəaliyyəti tədricən bərpa olunur və siqaretlə əlaqəli xəstəliklərin riski zaman keçdikcə azalır.


 


Bəsti Rəfizadə


Sfera.az