“Ümumiyyətlə, Azərbaycan şərhçilərinin performansını yüksək qiymətləndirirəm. Çünki həm Türkiyə, həm də Rusiya kanallarındakı şərhçilərin oyun təqdimatını dinləmişəm və müqayisə etsək, bizdəki şərhçilərin artıq püxtələşdiyini, işinin peşəkarı olma yolunda inamla irəlilədiyini görərik”.


Bunu “Yeni Sabah”a “Aut.az” saytının baş redaktoru, idman yazarı Natiq Muxtarlı bildirib.


Məlum olduğu kimi, Azərbaycanda DÇ-2026-nın oyunlarını yalnız İTV kanalı yayımlayır. pizza hut


N.Muxtarlının sözlərinə görə, İTV şərhçilərinin yerində deyilmiş atmacaları belə hər şeyə dəyər:


“Bu mövzu ilə bağlı hər kəsin şəxsi fikri var. Kimlərsə bəyənə, kimlərsə bəyənməyə bilər. Lakin türklərdə söz ehtiyatı sanki kasaddır, oyun boyu 100-200 sözdən istifadə edirlər.


Bizim şərhçilər isə daha geniş izah verir və daim axtarışdadırlar. Əlbəttə, oyunu şərh etmək kənardan asan görünür, amma çox məsuliyyətli və çətin işdir. Buna görə də müəyyən səhvlərin olması qaçılmazdır.


Şərhçilərimizin yerində deyilmiş atmacaları belə hər şeyə dəyər, belə nüansları türk şərhçilərində görmək olmur. Özümün ən çox bəyəndiyim şərhçilərdən biri olan Rüstəm Əfsərlinin də yenidən oyunları şərh etməsini çox istəyərdim. Gündüz Abbaszadə və Tural Dadaşovu da bəyənirəm”.


N.Muxartlı qeyd edib ki, dünya çempionatı oyunlarının şərhi zamanı müəyyən qüsurların olması normaldır:


“İş olan yerdə səhv də olur. Lakin insanlar məsələyə bu prizmadan yanaşmır, birbaşa ittiham edirlər. Kiçik səhvləri qabardıb, şərhçilərimizin əməyini kiçiltmək düzgün deyil. Təbii ki, oyunların vaxtındakı qeyri-müəyyənliklər də onların durumuna təsir göstərir. Hansısa şərhçi gecə saatlarında yuxusuz qalmalı olur. Buna görə də oyunu düzgün şərh etmək üçün öncədən hazırlaşmalı, rejimə uyğunlaşmalıdırlar. Bu amillər birbaşa şərhçilərin çıxışına təsir edir. Digər tərəfdən, bizim şərhçilərin aldığı qonorar digər ölkələrdəkilərdən qat-qat aşağıdır, lakin onlar işlərini layiqincə yerinə yetirirlər".


Cəlalə Cəlalqızı



Telegram kanalımız