Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) sosial şəbəkələrdə reklam edilərək satılan arıqlama məqsədli qida məhsulları ilə bağlı vətəndaşlara mühüm xəbərdarlıq edib.


"Yeni Sabah" xəbər verir ki, AQTA-nın apardığı monitorinqlər zamanı çay, qəhvə və kapsul formasında satışa çıxarılan bir sıra bioloji aktiv qida məhsullarında ciddi qanun pozuntuları aşkarlanıb.


Məlumata görə, monitorinqlər çərçivəsində "Slimluxcoffee_ariqladici_kofe", "Vellara.baku" və "Spirulina_azerbaijan_official" "Instagram" hesablarından əldə olunan məhsul nümunələri laborator müayinələrə cəlb edilib. pizza sifarişi


Müayinələrin nəticəsinə əsasən, "SLT Slim Lux Coffee Premium" (fındıqlı), "SLT Slim Lux Coffee Premium", "Good Lux Green Coffee", "Green Good Lux Slimming Coffee" (fındıqlı), "Green Good Lux Slimming Capsules", "Saffren Dietary Supplement", "Spirulina", "Vellara Form Coffee" və "Vellara Form Tea" məhsullarında qida məhsullarında istifadəsinə yol verilməyən, insan sağlamlığı üçün təhlükəli olan sibutramin maddəsi aşkarlanıb.


AQTA-nın açıqlamasına əsasən, sibutramin ürək-damar sistemi xəstəlikləri, infarkt və insult riskini artırır, eyni zamanda ciddi psixi pozuntulara səbəb ola bilər. Bildirilir ki, sibutraminin həm qida məhsullarında, həm də dərman vasitələrinin tərkibində istifadəsi Azərbaycanda qadağandır.


Araşdırmalar zamanı müəyyən edilib ki, sözügedən məhsullar ölkəyə şəxsi istifadə məqsədilə gətirilsə də, sonradan sosial şəbəkələr vasitəsilə qanunsuz satışa çıxarılıb. Bu məhsulların ölkəyə idxalına qadağa qoyulması ilə bağlı istehsalçı ölkənin səlahiyyətli qurumlarına da rəsmi müraciət ünvanlanıb.


Faktlarla bağlı qanunvericiliyə uyğun müvafiq tədbirlərin görülməsi üçün aidiyyəti qurumlara, o cümlədən hüquq-mühafizə orqanlarına məktublar göndərilib.


AQTA vətəndaşları sosial şəbəkələr vasitəsilə qanunsuz satılan, heç bir sənədi olmayan, mənşəyi və təhlükəsizliyi barədə etibarlı məlumat təqdim edilməyən arıqlama məhsullarından istifadə etməməyə çağırıb.


Sibutramin aşkarlanan məhsullar bunlardır:


SLT Slim Lux Hazelnut Coffee Premium


SLT Slim Lux Coffee Premium


Good Lux Green Coffee


Green Good Lux Hazelnut Coffee


SLT Slim Lux Coffee Premium


Green Good Lux Slimming Capsules


Vellara Form Coffee


Vellara Form Tea


Spirulina


Saffren Dietary Supplement


Əsmətxanım Rzazadə



Telegram kanalımız