Hicama, xüsusilə son illərdə alternativ və tamamlayıcı müalicə üsullarına marağın artması ilə yenidən gündəmə gəlib. Bəzi insanlar onun bel və boyun ağrılarını azaltdığını, rahatlama yaratdığını düşünür. Bəs hicamanın elmi baxımdan hansı faydaları sübut olunub? Soyuq havalarda hicama etdirmək təhlükəlidirmi?


“Yeni Sabah” xəbər verir ki, hicama dəridə vakuum yaradılması ilə həyata keçirilən ənənəvi üsuldur. Quru hicamada dəri deşilmir, yaş hicamada isə dəriyə kiçik kəsik və ya deşiklər edilərək qan çıxarılır.


Elmi araşdırmalarda hicamanın xüsusilə müxtəlif ağrıların müalicəsində mümkün təsiri araşdırılıb. 2025-ci ildə dərc olunan geniş sistematik icmalda 72 tədqiqat və 5 720 iştirakçı qiymətləndirilib. Nəticələr hicamanın ağrının azalmasına və həyat keyfiyyətinin yaxşılaşmasına kömək edə biləcəyini göstərsə də, tədqiqatların hamısında yüksək qərəz riski müəyyən edilib və sübutların keyfiyyəti aşağı və ya çox aşağı qiymətləndirilib. Dominos pizza


Araşdırmalarda hicamanın ən çox ağrı ilə əlaqəli problemlər zamanı mümkün faydası diqqət çəkir. Xüsusilə bel, boyun və bəzi digər əzələ-skelet ağrılarında simptomların azalması ilə bağlı nəticələr əldə edilib. Lakin bu, hicamanın həmin xəstəlikləri müalicə etdiyi anlamına gəlmir.


ABŞ Milli Tamamlayıcı və İnteqrativ Sağlamlıq Mərkəzi də bildirir ki, hicamanın ağrını azaltmağa kömək edə biləcəyinə dair bəzi məlumatlar var, lakin mövcud elmi sübutlar kifayət qədər güclü deyil.


Soyuq havanın özü hicama üçün mütləq qadağa hesab edilmir. Əsas məsələ prosedurdan sonra insanın soyuqda qalmaması, yaranın düzgün qorunması və gigiyenik şəraitin təmin edilməsidir.


Xüsusilə yaş hicamada dərinin bütövlüyü pozulduğu üçün prosedurdan sonra həmin nahiyənin təmiz saxlanılması vacibdir. Hicama zamanı dəri zədələndiyindən infeksiya riski də mövcuddur. Avadanlığın düzgün sterilizasiya edilməməsi isə hepatit B və C kimi qan yolu ilə keçən infeksiyaların yayılmasına səbəb ola bilər.


Bu baxımdan soyuq havalarda hicama etdirmək istəyən şəxslər prosedurun keçirildiyi məkanın isti, təmiz və gigiyenik olmasına xüsusi diqqət yetirməlidirlər.


İnsan özünü xəstə hiss edirsə, yüksək hərarəti, ciddi halsızlığı və ya aktiv infeksiyası varsa, hicama etdirməzdən əvvəl həkimlə məsləhətləşmək daha təhlükəsizdir.


Çünki hicamanın soyuqdəymə, qrip və digər infeksiyaları müalicə etdiyini təsdiqləyən kifayət qədər yüksək keyfiyyətli elmi sübut yoxdur. Hicamanı belə xəstəliklərin əsas müalicəsi kimi təqdim etmək doğru deyil.


Hicama tamamilə risksiz prosedur deyil. Xüsusilə yaş hicamada qan itkisi və infeksiya kimi risklər nəzərə alınmalıdır. Mümkün fəsadlar arasında dəridə uzunmüddətli rəng dəyişikliyi, çapıq, yanıq, dəri infeksiyaları, qanaxma və təkrarlanan yaş hicama zamanı qan itkisinə bağlı anemiya qeyd olunur.


Buna görə prosedurun steril şəraitdə və bu sahədə təcrübəli mütəxəssis tərəfindən həyata keçirilməsi vacibdir.


Hicama etdirməzdən əvvəl xüsusilə xroniki xəstəliyi olan, qan laxtalanması ilə bağlı problemi olan və ya qan durulaşdırıcı dərman qəbul edən şəxslərin həkimlə məsləhətləşməsi məqsədəuyğundur.


Həmçinin dəridə aktiv infeksiya, yara və ya dermatoloji problem olan nahiyələrə prosedur tətbiq etmək riskli ola bilər. Hicamanın ekzema və psoriaz kimi bəzi dəri problemlərini ağırlaşdıra biləcəyi də qeyd olunur.


Hicamanın bəzi insanlarda, xüsusilə müəyyən ağrı növlərində müvəqqəti rahatlama yaratması mümkündür. Lakin onun “qanı təmizləməsi”, bütün xəstəlikləri müalicə etməsi və ya immuniteti mütləq gücləndirməsi kimi geniş yayılmış iddiaların hamısı elmi cəhətdən təsdiqlənmiş deyil.


Soyuq hava təkbaşına hicamaya qəti qadağa deyil. Əsas məsələ insanın həmin vaxt sağlamlıq vəziyyəti, prosedurun steril şəraitdə aparılması və sonrasında bədənin soyuqdan qorunmasıdır.


Ən vacibi isə hicamanı ciddi xəstəliklərin tibbi müalicəsinin əvəzi kimi qəbul etməməkdir.


Aydan Hacı 



Telegram kanalımız