Elm və təhsil naziri Emin Əmrullayevin açıqlamasına görə, Azərbaycanda təxminən hər üç nəfərdən ikisinin oxuduğunu anlamaması ciddi pedaqoji problemdən xəbər verir. Nazir bildirib ki, PISA nəticələri xüsusilə oxu savadlılığı istiqamətində problemlərin olduğunu, Bakı üzrə də geriləmənin müşahidə edildiyini göstərir. Bəs  şagirdlərin oxuduğunu anlaması ilə bağlı vəziyyət niyə bu həddə çatıb? Problem daha çox məktəbdə, müəllim hazırlığında, yoxsa ailə və cəmiyyət mühitindədir?


Mövzu ilə bağlı “Yeni Sabah”a açıqlama verən təhsil eksperti Məzahir Məmmədli bildirib ki, oxuyub-anlama ilə bağlı problem artıq bir neçə ildir təhsil sistemində müzakirə olunur.


Ekspertin sözlərinə görə, Elm və Təhsil Nazirliyi də əvvəlki illərdə aparılan araşdırmaların nəticələrinə əsasən, şagirdlərin oxuduğunu anlaması ilə bağlı ciddi problemin olduğunu açıqlayıb: Dördpendirli pizza



“Bu artıq bir neçə ildir ki, Elm və Təhsil Nazirliyi tərəfindən səsləndirilirdi. Azərbaycanda aparılan nəticələr, hesablamalar göstərirdi ki, kifayət qədər böyük faiz oxuyub-anlamanı bacarmır. Bununla bağlı çox geniş müzakirələr açılmışdı. Bu, artıq təhsil sistemi üçün ciddi uyğunsuzluq, uğursuzluq kimi qələmə verilirdi. Çox yaxşı hal idi ki, bunu Elm və Təhsil Nazirliyi özü dilə gətirirdi”.


M.Məmmədli qeyd edib ki, PISA nəticələri şagirdlərin əldə etdiyi biliklərlə yanaşı, təhsil sistemindəki problemlərin də müəyyənləşdirilməsi baxımından mühüm göstəricidir.


O bildirib ki, ibtidai siniflərdə formalaşan təməl bilik və bacarıqlar şagirdin sonrakı təhsil həyatına birbaşa təsir edir:


“PISA nəticələri 15 yaşlılar arasında aparılır. Biz nəzərə alsaq ki, ibtidai sinif bazası zəif olanların gələcəkdə həm riyaziyyat, həm humanitar elmlər, həm də oxuyub-anlama üzrə nəticələri zəif olur, o halda artıq müəyyənləşdirə bilirik ki, bu səbəb haradan qaynaqlanır”.


Ekspert müəllimlərin peşə hazırlığının da bu məsələdə mühüm rol oynadığını vurğulayıb. Onun sözlərinə görə, son illərdə müəllimlərin işə qəbulu və sertifikasiya prosesinin tətbiqi təhsil sistemində kadrların keyfiyyətinin qiymətləndirilməsinə imkan verib.


“Biz nəzərə alsaq ki, sertifikasiya imtahanında 8 minə qədər ibtidai sinif müəllimi ikinci cəhddən belə uğurlu nəticə göstərə bilmədi və sistemdən kənarlaşdırıldı, təhsil sistemindən kənarlaşdırılan həmin müəllimlər məhz bu gün müzakirə etdiyimiz PISA nəticələrinin formalaşdığı dövrdə dərs deyən şəxslərdir”, - deyə M.Məmmədli bildirib.


Ekspert hesab edir ki, bu nəticələrə yalnız müəllimlərin deyil, bütövlükdə təhsil sisteminin fəaliyyəti prizmasından yanaşmaq lazımdır:


“İndiyə qədər təhsil sistemindən kənarlaşdırılan 7-8 min müəllimlə bağlı “bunları niyə çörəyindən etdilər”, “ailələrinə çörək gətirən adamların çörəyinə bais oldular” kimi ifadələr səslənirdi. Məncə, artıq həmin nəticələrə uyğun olaraq baxmalıyıq ki, onlar niyə kənarlaşdırıldılar. Təcrübə göstərir ki, Elm və Təhsil Nazirliyinin bu istiqamətdə gördüyü işlər təqdirəlayiq imiş”.


Onun sözlərinə görə, xüsusilə əvvəlki illərdə ibtidai sinif müəllimlərinin müəyyən hissəsinin pedaqoji hazırlığı ilə bağlı problemlər mövcud olub. O hesab edir ki, müəllimin öz ixtisasını kifayət qədər mənimsəməməsi onun şagirdə verdiyi təhsilin keyfiyyətinə də təsir göstərir.


Ekspert qarşıdakı PISA qiymətləndirmələrinə indidən ciddi hazırlıq görülməsinin vacibliyini vurğulayıb. Onun fikrincə, əsas məqsəd yalnız Bakı üzrə nəticələri yaxşılaşdırmaq deyil, regionlar arasında təhsil keyfiyyəti fərqini də aradan qaldırmaq olmalıdır:


“Biz artıq Bakı şəhərindəki nəticələrlə yox, PISA nəticələrinin regionlar üzrə də eyni standartlara uyğunlaşması üçün geniş işlər görməliyik. Bir neçə ilin təcrübəsi bizə kifayət edir ki, təhsildə olan boşluqları müəyyənləşdirək və ona uyğun addımlar ataq”.


M.Məmmədli hesab edir ki, hazırda görülən tədbirlərin nəticəsi dərhal deyil, uzunmüddətli perspektivdə özünü göstərəcək. Onun sözlərinə görə, Azərbaycan növbəti illərdə beynəlxalq qiymətləndirmələrdə daha yüksək nəticələr əldə etmək istəyirsə, hazırlıq işlərinə indidən başlamalıdır:


“Azərbaycanda növbəti illər üçün beynəlxalq qiymətləndirməyə indidən ciddi hazırlaşmaq lazım gələcək. Əgər Azərbaycan dünya reytinqində ilk onluğa, iyirmiliyə gəlib çıxa bilirsə, bu artıq o deməkdir ki, Azərbaycan təhsili özündə müəyyən potensialı toparlayıb, cəmləyib nəticələr əldə edə bilər”.


Aytac Əliyeva



Telegram kanalımız