“Televiziyalara ödənişlə çıxmaq məsələsi təkcə Azərbaycanda deyil, digər ölkələrdə də var. Hətta indiki Xalq artistlərimiz arasında Türkiyənin məşhur verilişlərinə çıxmaq üçün bir illik qazancına bərabər məbləğ ödəyənlərin olduğunu bilirəm. Bir qədər araşdırılsa, söhbətin kimlərdən getdiyini öyrənmək olar. Rusiya kanallarında da barter və buna bənzər razılaşmaların olduğu barədə məlumatlar var”.
Bunu “Yeni Sabah”a teleaparıcı Amil Xəlil deyib. O bildirib ki, ödənişsiz efir imkanını dövlət televiziyaları, xüsusilə AzTV və İctimai TV yaratmalıdır:
“Bunun üçün xüsusi şuranın fəaliyyət göstərməsi də yaxşı olardı. Əvvəllər televiziyalarda müğənnilərin efirə çıxmasına qərar verən bir sistem olub. Hətta mərhum Xalq artisti Baloğlan Əşrəfov bir dəfə mənə danışmışdı ki, onu efirə buraxmır, müəyyən maneələr yaradırdılar. Nəticədə çətinliklə də olsa, efirə çıxıb və ödənişsiz çıxış imkanı əldə edib. Bu cür şəraiti indi də dövlət və ictimai televiziyalar yarada bilərlər. Amma özəl kanallarda vəziyyətə başqa cür yanaşmaq lazımdır. Burada ödəniş məsələsini tamamilə qeyri-normal hesab etmirəm. Dominos pizza
Məsələn, mən şou proqramı aparsaydım, belə düşünə bilərdim: bir müğənni həftədə bir dəfə efirə çıxmaq, tanınmaq və daha sonra toylara dəvət alaraq pul qazanmaq istəyirsə, onun efirdə iştirakı müəyyən mənada özünün reklamıdır. Bu baxımdan, həmin şəxsdən ödəniş alınmasını kiçik sponsorluq kimi qiymətləndirmək olar. Ancaq bunu bütün müğənnilərə aid etmək olmaz. Xüsusilə Xalq artistlərinin yetişdirdiyi xanəndələr, muğam ifaçıları və dövlət tədbirləri vasitəsilə tanınan sənətçilər fərqli kateqoriyaya daxildirlər. Mənim fikrimcə, onlardan efirə çıxmaq üçün ödəniş tələb edilməməlidir. Söhbət əsasən təzə fəaliyyətə başlayan, toy müğənnisi kimi tanınmaq və bu yolla qazanc əldə etmək istəyən şəxslərdən gedir”.
Aparıcı qeyd edib ki, bəzi hallarda aparıcılar ödəniş aldığı müğənninin, obrazlı desək, bir növ quluna çevrilirlər:
“Bir müğənni ildə bir dəfə efirə çıxmaqla geniş auditoriya qazana bilməz. Tanınmaq üçün ay ərzində bir neçə dəfə efirdə görünməyə, çıxış etməyə ehtiyac duyur. Bu baxımdan, özünü reklam etmək istəyən şəxsin müəyyən məbləğ ödəməsini normal hesab edirəm. Eyni yanaşma ekspertlərə, həkimlərə, klinikalara və digər xidmət sahələrinin nümayəndələrinə də aid ola bilər. Onlar efirə çıxaraq tanınır, müştəri qazanır və gəlirlərini artırırlar. Bizim verilişdə də sponsorlar var və onlar tanıdılmaları qarşılığında ödəniş edirlər.
Çox təəssüf ki, bəzi hallarda aparıcılar ödəniş aldığı müğənninin, obrazlı desək, bir növ quluna çevrilirlər. Müğənni hansı sualın verilməsini, hansı mövzunun qabardılmasını istəyirsə, aparıcı da onun dediyi kimi davranır. Bu isə tamaşaçının aldadılması ilə nəticələnə bilər.
Məsələn, efirə yeni çıxan bir müğənniyə aparıcı deyir ki, onun uşaqlıq görüntülərini, illər əvvəl iştirak etdiyi toyların videolarını tapıb. Halbuki aparıcının həmin şəxsin evindən bu görüntüləri əldə etməsi real görünmür. Çox vaxt müğənni özü materialları təqdim edir, efirdə isə elə təqdim olunur ki, guya bunlar xüsusi araşdırma nəticəsində tapılıb. Beləliklə, qonağın reklamı daha təsirli formada həyata keçirilir”.
A.Xəlil İndiyə qədər efirdə televiziyalara qarşı hörmətsiz ifadələr işlədən şəxslərlə bağlı sərt mövqe nümayiş etdirdiyini də bildirib:
“Əlbəttə, bütün aparıcıları bu cür davranmaqda ittiham etmək olmaz. Mən konkret olaraq bəzi hallardan danışıram. Lakin ödənişli qonağın efirdəki davranışına, aparıcıya münasibətinə və səsləndirdiyi fikirlərə müdaxilə edilməməsi müəyyən problemlər yaradır.
Məsələn, bir müğənni efirə gəlib deyirsə ki, televiziyalara baxmır, həmin kanalları bəyənmir, amma eyni zamanda orada qonaq olursa, mən bunu ziddiyyətli hesab edirəm. Şəxsən mən belə bir vəziyyətdə qonağa deyərdim ki, əgər televiziyanı və verilişi bəyənmirsinizsə, burada iştirak etməyinizin mənası nədir? Ancaq aparıcı həmin müğənnidən sponsorluq və ya reklam məqsədilə ödəniş aldığı üçün bəzən ona etiraz edə bilmir.
Mən öz verilişimdə belə hallara yol verməzdim. İndiyə qədər efirdə televiziyalara qarşı hörmətsiz ifadələr işlədən şəxslərlə bağlı sərt mövqe nümayiş etdirmişəm. Hətta bir dəfə tanınmış bir şəxsi studiyadan uzaqlaşdırmışam. Çünki qonaq verilişə gəlirsə, həm aparıcıya, həm də televiziya kanalına hörmətlə yanaşmalıdır.
Bir daha vurğulayıram ki, özəl kanallarda ödənişli iştirakın olmasını normal qəbul edirəm. Ancaq bu, aparıcının qonaq qarşısında bütün peşəkar prinsiplərindən imtina etməsi demək deyil. Ödəniş reklam xarakterli əməkdaşlıqdırsa, münasibətlər də bu çərçivədə qurulmalı, aparıcının müstəqilliyi və tamaşaçının etimadı qorunmalıdır”.
Aydan Hacı
Telegram kanalımız