ABŞ Prezidenti Donald Trampın Vaşinqtonla razılığa gəlməyən və raket proqramını davam etdirən Tehrana qarşı yenidən zərbə endirə biləcəyi ilə bağlı sərt xəbərdarlığı Yaxın Şərqdə gərginliyi daha da artırıb.
Bu bəyanat İranın gələcək addımları ilə bağlı mühüm suallar doğurur: rəsmi Tehran ABŞ-lə razılaşma yolunu seçəcək, yoxsa raket proqramını daha da inkişaf etdirməyə üstünlük verəcək?
Bu sual regionda güc balansının dəyişməsi fonunda xüsusilə aktuallaşır.
Politoloq Züriyə Qarayeva Sfera.az-a açıqlamasında bildirib ki, İranın mövcud geosiyasi vəziyyətdə ABŞ-lə razılaşmaq ehtimalı çox aşağı görünür. Onun sözlərinə görə, bunun bir neçə səbəbi var:
“Birincisi, raket və dron proqramı Tehranın regional təhlükəsizlik arxitekturasının əsas sütunudur. İran öz raket arsenalını yalnız hərbi güc kimi deyil, həm də siyasi çəkisinin təminatı kimi görür. Yaxın Şərqdəki proksi şəbəkəsi, HƏMAS-Hizbullah xətti və Qəttər-İraq vasitəçiliyinə söykənən qlobal əlaqələr Tehrana alternativ manevr imkanları yaradır. Üstəlik, İsraillə genişlənən qarşıdurma şəraitində raket proqramından imtina İranın özünü tam müdafiəsiz qoyması anlamına gələr. Bu səbəbdən, Tehran ABŞ təzyiqi artsa belə, proqramın dondurulması və ya məhdudlaşdırılması kimi addımları real təhlükə olaraq qəbul edir”.
Politoloq qeyd edib ki, digər tərəfdən, İranın iqtisadi vəziyyəti, sanksiyalar və valyuta böhranı onu müəyyən taktiki güzəştlərə də məcbur edə bilər:
“Bu kontekstdə Tehran ehtimal ki, açıq şəkildə geri çəkilmək əvəzinə “müzakirə görüntüsü yaratmaq” strategiyasına üstünlük verəcək. Yəni Vaşinqtonla dolayı dialoqa razı olacaq, amma raket proqramının mahiyyətinə toxunmayan, daha çox texniki və periferik məqamları müzakirəyə çıxaracaq. Beləliklə, İran həm daxili auditoriyaya sərt mövqe göstərmiş olacaq, həm də ABŞ zərbəsindən yayınmaq üçün diplomatik tampon yaradacaq. Yekunda Tehran nə tam geri çəkiləcək, nə də eskalasiyanı pik həddə çatdıracaq. O, özünə xas “gizli sərtlik, açıq elastiklik” siyasətini davam etdirəcək”.
Niyaz Hacıyev
Sfera.az