Respublikaçı senator Lindsey Qrem (ABŞ) deyib ki, Yaxın Şərqdəki bütün problemlərin kökü İrandır. O ümid edir ki, gələn ilə bu məsələni həll edəcəklər.


 


“Hizbullah”ı tərksilah edə, HƏMAS-ı məhv edə və İsraillə Səudiyyə Ərəbistanı arasında münasibətləri normallaşdıra biləcəyik”, - o bildirib. Həqiqətən də “Hizbullah”ın tərksilah edilməsi regionda sülhə gətirib çıxara bilərmi?


 


Mövzu ilə bağlı Sfera.az-a açıqlama verən politoloq Məhəmməd Əsədullazadə bildirib ki, Yaxın Şərqdə siyasi nizamın möhkəmləndirilməməsi və təmamilə atəşkəsə nail olunmamasında İran faktoru var.


 



 


Onun sözlərinə görə, İran uzun müddət proksi qüvvələri silahlandırıb:


 


"İsrail-Fələstin münaqişəsi də konkret olaraq Yaxın Şərqdə siyasi nizamı pozur. Suriyada müəyyən kürd terror təşkilatları var ki, onlar təhlükəsizliyi və sülhü təhdid edir. Bu gün bir Qəzzada baş verənlərə baxırıq ki, hələ də sülh yoxdur, demək olar ki, atəşkəs yoxdur. HƏMAS silahı yerə qoymayıb. Hizbullah bəyan edir ki, silahı yerə qoymayacaq”.


 


Politoloq qeyd edib ki, bu məsələdə kompleks yanaşma lazımdır:


 


“Təbii ki, terror şəbəkələrinə dəstəkdə ciddi fəaliyyəti olub. İndi də Hizbullaha logistik və silah dəstəyi verir. Lakin məsələ sadəcə İran deyil. Əgər İranı vursalar, Hizbullah əəsləsi həll olsa, yenə də HƏMAS problem qalır. İsrail-Fələstin münaqişəsi həll olunmasa, sülh bərpa olunmayacaq. İsrail-Fələstin məsələsi mütləq həll olunmalıdır. Sadəcə konqresmenlər yəhudi lobbisinin təsiri altındadır. Ona görə də, bu cür açıqlamalar verirlər. Bu məsələlər hamısı həll olmalıdır”.


 


Qeyd edək ki, son illərdə Yaxın Şərqdə gərginlik bir neçə əsas mərhələdə kəskinləşib və hadisələr bir-biri ilə bağlı şəkildə inkişaf edib. 7 oktyabr 2023-də HƏMAS Fələstin tərəfdən İsrailə genişmiqyaslı hücum təşkil etdi ki, bu da İsrail-HƏMAS müharibəsinin başlanğıcına çevrildi və minlərlə insanın ölümünə, habelə onlarla girovun ələ keçirilməsinə səbəb oldu.


 


Eyni dövrdə Livan-əsilli “Hizbullah” qruplaşması 8 oktyabr 2023-dən başlayaraq İsrail sərhədi boyunca raket və artilleriya atəşi ilə çıxış edərək öz dəstəyini ifadə etdi və bu, ciddi gərginlik və müharibə vəziyyətinə gətirib çıxardı. İki tərəf arasında minlərlə atışma qeydə alındı və hər iki ölkədə mülki itkilər yaşandı. Ayrıca, 2024-ün aprelində İranın İnqilab Keşikçiləri və əlaqəli qruplar İsrailə yüzlərlə pilotsuz uçuş aparatları və raketlərlə hücum etdi. Bu, İranın İsrailə qarşı daha açıq hərbi addımı kimi qiymətləndirildi və qarşılıqlı hücumlarla nəticələndi. 2025-in iyununda İsrail İran içərisində bəzi nüvə və hərbi obyektləri hədəf alan genişmiqyaslı hava əməliyyatı həyata keçirdi və Tehran da raket və pilotsuz vasitələrlə cavab verdi, bu isə İran-İsrail qarşıdurmasını daha da dərinləşdirdi.


 


Bu xronologiya göstərir ki, Yaxın Şərq münaqişələri son bir neçə ildə yalnız təkcə lokal qarşıdurmalar deyil, eyni zamanda regional qüvvələr, yəni İran, İsrail, HƏMAS və “Hizbullah”ın daxil olduğu daha geniş və fazalı qarşıdurma çevrilib. Hər bir hadisə digərini gücləndirərək gərginliyi artırmış və kompleks təhlükəsizlik problemi yaradıb ki, bu da yalnız müəyyən qrupların silahsızlaşdırılması ilə deyil, həm də daha geniş siyasi və diplomatik həll yolları ilə aradan qaldırıla bilər".


 


Firuzə Əliyeva


Sfera.az