ABŞ Konqresinin Nümayəndələr Palatasının üzvü Tomas Massi NATO-nun ölkəni həm maddi, həm də diplomatik baxımdan çətin vəziyyətdə qoyduğunu bildirib və Vaşinqtonun alyansdan çıxmasını nəzərdə tutan qanun layihəsini Palataya təqdim edib. Massinin sözlərinə görə, NATO qurulduğu gündən bəri ABŞ trilyonlarla dollar xərcləyib, ölkənin xarici müharibələrə cəlb olunma riskini artırıb və artıq Soyuq Müharibə dövründən qalan köhnəlmiş bir struktura çevrilib. O, “Biz NATO-dan çəkilməli və həmin pulları sosialist ölkələri yox, öz ölkəmizi müdafiə etmək üçün istifadə etməliyik”, – deyə vurğulayıb.




Bu qanun layihəsi ABŞ-nin real şəkildə NATO-dan çıxması ehtimalını artırırmı? Vaşinqtonun alyansdan uzaqlaşması Rusiyanın və Çinin geosiyasi mövqelərini gücləndirə bilərmi? 




Məsələ ilə bağlı politoloq Aqşin Kərimov Sfera.az-a açıqlama verib. Onun sözlərinə əsasən, Trampın ikinci hakimiyyəti dövrü başlayandan etibarən, Vaşinqtonun NATO-dan çıxmasına dair eyhamlar və ya açıq təbliğatlar genişlənib:




“Bununla əlaqədardır ki, Amerika NATO üzrə xərc öhdəliklərini azaltmağı hədəfləyir və əslində maliyyə öhdəliklərinin daha böyük hissəsini Avropanın üzərinə qoymağı planlaşdırır. Buna görə də müxtəlif vasitələrlə ABŞ NATO üzvü olan Avropa ölkələrinə təzyiq edir. Bu təzyiqin səbəbi ondan ibarətdir ki, Avropa NATO-ya daha çox vəsait ayırsın və təhlükəsizlik yükünü daha bərabər şəkildə öz üzərinə götürsün. Bununla belə, dünya nizamı yeniləndiyi üçün NATO alyansının dağılacağına dair siqnallar da güclənir. Bu baxımdan demək olar ki, Amerika bir növ nəbz ölçür və NATO ilə bağlı yaranmış fikir ayrılıqlarını Ukrayna münaqişəsi kontekstində ABŞ-nin blokdan çıxması ilə nəticələnə biləcək bir prosesə yönəldir”.


 



 


Ekspert ABŞ-nin ümumilikdə Avro-Atlantik məkanın təhlükəsizlik sistemində mühüm rola malik olduğunu qeyd edib:




“Buna görə də Amerikanın NATO-dan çıxması heç də asan məsələ deyil və ABŞ-nin strateji maraqlarına ciddi şəkildə zərər vura bilər. Bu səbəbdən yaxın perspektivdə Amerikanın NATO-dan çıxacağı ilə bağlı proqnoz vermək çətindir. Əgər ABŞ doğrudan da NATO-dan çıxmağı hədəfləyirsə və bu qərarı reallaşdıracaqsa, o zaman belə bir addımın nəticələrinin necə olacağını proqnozlaşdırmaq mümkün deyil. Sadəcə olaraq ABŞ öz ambisiya və strateji maraqlarını yenilənən dünya nizamı fonunda təzələyərək rəqiblərinə qarşı fərqli bir rəqabət modeli formalaşdırır. Bu rəqabət modelində tərəfdaşlığa əsaslanan prinsiplər də öz əksini tapır”.




A.Kərimov bildirib ki, Amerikanın qəbul etdiyi son Milli Təhlükəsizlik Strategiyasında Rusiya və Çinlə münasibətlərdə daha ehtiyatlı mövqelər ifadə olunub:




“Bu, ABŞ-nin Rusiya və Çini artıq rəqib kimi görməməsi anlamına gəlmir. Təbii ki, onları rəqib kimi görür, lakin rəqabətdən irəli gələn maraqların təmin edilməsini fərqli metodlarla axtarmağa çalışır”.




Bəsti Rəfizadə

Sfera.az