Rusiya Prezidenti Vladimir Putin bildirib ki, çoxqütblü dünyanın formalaşdığı bir vaxtda ölkələrarası münasibətlər qarşılıqlı hörmət prinsipi üzərində qurulmalıdır. Putinin sözlərinə görə, BMT bu prosesdə hələ də mühüm rol oynayır və müxtəlif tərəflərin maraqlarını nəzərə alaraq mürəkkəb məsələlərə razılaşdırılmış həll tapmaq imkanı olan yeganə qurum kimi qalır. O vurğulayıb ki, BMT Nizamnaməsinə əsaslanan bu yanaşma yeni çoxqütblü dövrdə dövlətlər arasında açıq, ədalətli və qarşılıqlı faydalı əməkdaşlığın qurulmasına imkan verir.


 


Putin bununla nə demək istəyir? Rusiya çoxqütblü dünya şəraitində yeni əməkdaşlıq modeli formalaşdırmaq niyyətindədirmi?


 


Məsələ ilə bağlı Sfera.az-a açıqlama verən politoloq Zeynal Əmrəliyevin fikrincə, qlobal miqyasda münasibətlər qarşılıqlı hörmət və beynəlxalq hüquqa əsaslanmalıdır:


 


“Rusiya Prezidenti Vladimir Putinin bu istiqamətdə verdiyi açıqlamada isə müəyyən uyğunsuzluq görünür. Çünki dünyada bu prinsipləri pozan əsas dövlətlərdən biri məhz Rusiyadır. Onun Ukraynaya qarşı başlatdığı işğalçı müharibə beynəlxalq münasibətlərdə yaranan pozuntuların ən bariz nümunələrindən sayılır. Bu baxımdan, Rusiya rəhbərinin qarşılıqlı hörmətdən danışması müəyyən dərəcədə ziddiyyət yaradır. Bundan əvvəl də Moskvanın bir sıra ölkələrə yönəlik sərt və təzyiqedici siyasəti bir sıra sahələrin də, dil məsələsində və.s müdaxilələri beynəlxalq münasibətlərin mahiyyətini fərqli istiqamətə yönəldib. Bu nümunələr Rusiyanın davranışları ilə bəyanatları arasında ciddi ziddiyyət olduğunu göstərir”.


 



 


Politoloq əlavə edib ki, Putinin BMT ilə bağlı səsləndirdiyi fikirlərlə razılaşmaq mümkün deyil:


 


“BMT islahatlara açıq bir qurum olmalıdır. Hazırkı sistem faktiki olaraq veto hüququna malik beş daimi üzvün nəzarətindədir. Bu isə digər dövlətlərin mövqeyinin lazımi şəkildə əks olunmasına imkan vermir. Dünyada uzun illərdir davam edən münaqişələrin həll edilməməsinin əsas səbəblərindən biri də məhz bu mexanizmdir. Veto hüququna sahib olan həmin beş ölkə, o cümlədən Vladimir Putinin rəhbərlik etdiyi Rusiya Federasiyası öz maraqlarını nəzərə alaraq bir çox hallarda problemlərin həllinə mane olur. Buna görə də BMT-də əhatəli və ciddi islahatlara ehtiyac var”.


 


Fidan Hacızadə

Sfera.az