ABŞ, Avropa İttifaqı və Ukrayna rəsmiləri dekabrın 13-də prezident Donald Trampın sülh planının icrası ilə bağlı müzakirə aparacaqlar. ABŞ-nin yüksək vəzifəli nümayəndələri prezident Trampın sülh təşəbbüsünü dəyərləndirmək məqsədilə şənbə günü Parisdə Ukrayna, Fransa, Almaniya və Böyük Britaniyadan olan yüksək səviyyəli rəsmilərlə görüş keçirəcək.
Bu təşəbbüs hazırkı Rusiya-Ukrayna müharibəsinin gedişatında real dönüş nöqtəsi ola bilərmi?
Sfera.az-a bu barədə açıqlama verən siyasi şərhçi Tural İrfan bildirib ki, Ukrayna və Rusiya müharibənin dayandırılması və sülhə nail olmaq üçün ABŞ səy göstərir.
Ekspertin fikrincə, amma Avropa İttifaqı ilə Vaşinqtonun arasındakı siyasi ziddiyyətlər ortaq nəticəyə gəlməyə mane olur:
“Donald Trampın sülh planının birgə müzakirəsi önəmlidir və bunun üçün əsas Ukraynanın qiymətləndirməsidir. Lakin ABŞ-nin Ukraynanı sülhə məcbur etməsi sonrakı proseslərdə zərərli ola bilər. Suveren və müstəqil bir dövləti sülhə, yaxud müharibəyə məcbur etmək mənfi siyasi nəticələrə gətirib çıxarar”.
T.İrfan əlavə edib ki, ABŞ-nin, Aİ-nın və Ukrayna rəsmilərinin Parisdə görüşüb sülh planını müzakirə etmələri bu məsələdə Qərbin artıq ciddi mərhələyə gəldiyini göstərir:
“Bu təşəbbüsün reallaşması üçün Aİ-nin də razılıq verməsi önəmlidir. Çünki mövcud müharibədə onların rolu böyük olub və siyasi, hərbi və iqtisadi dəstəyi əsasən Avropa İttifaqı verib”.
Fidan Hacızadə
Sfera.az