Özbəkistan 2026-cı il aprelin 1-dən etibarən alkoqol və tütün məmulatları, daşınmaz əmlak, avtomobillər və 25 milyon sumdan (təxminən 3 min manat) baha olan bütün məhsulların nağd şəkildə alınmasını qadağan edəcək. Belə alışlar yalnız nağdsız ödəniş və ya QR-kod vasitəsilə mümkün olacaq. Hökumət bu addımın maliyyə əməliyyatlarında şəffaflığı artıracağına və 2030-cu ilə qədər nağd puldan istifadənin xeyli azalmasına gətirəcəyinə ümid edir.
Azərbaycanda da alkoqol, tütün, daşınmaz əmlak və avtomobil kimi yüksək dəyərə malik məhsulların yalnız nağdsız ödənişlə alınması mümkündürmü?
Məsələ ilə bağlı Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli Sfera.az-a açıqlama verib.
Onun sözlərinə əsasən, hazırda Azərbaycanda alkoqol, tütün, daşınmaz əmlak və avtomobil kimi yüksək dəyərli məhsulların yalnız nağdsız ödənişlə alınmasına dair xüsusi qadağa yoxdur:
“Lakin ölkədə nağdsız ödənişlərin genişləndirilməsi və bəzi böyük məbləğli əməliyyatlarda qeyri-nağd ödənişləri təşviq etmək məqsədilə qanunvericilikdə müəyyən tələblər mövcuddur, amma bu, Özbəkistandakı kimi vahid qadağa deyil. Azərbaycanda nağdsız ödənişləri təşviq edən tələblər var. Vergi orqanları və Mərkəzi Bank tərəfindən nağdsız ödənişlərin istifadəsi artırılır. Məsələn, bəzi vergi ödəyiciləri üçün müəyyən aylıq məbləğdən yuxarı əməliyyatların yalnız nağdsız aparılması tələbi qoyulub”.
Ekspertin sözlərinə əsasən, bu cür tələbinin müəyyən hədləri mövcuddur:
“Qanun layihələrində və praktika təkliflərində belə hallar müzakirə edilir. Əgər əməliyyat bir məbləği (məsələn, 5 000 manat) keçirsə, yerdə qalan hissə nağdsız ödənməlidir ki, həmin məbləğ xərclər kimi tanınsın və cərimələrdən sığortalanmaq mümkün olsun. Bu, dövlətin gəlir bəyannamələrində və vergi hesablamalarında şəffaflığı təmin etmək üçün tətbiq edilir. Ancaq ümumi nağd ödəniş qadağası yoxdur. Azərbaycan Mərkəzi Bankının rəsmiləri bir neçə dəfə nağd ödənişlərə ümumi qadağa qoyulmayacağını bəyan ediblər. Yəni vətəndaşlar və bizneslər hələ də nağd ödənişlə alış edə bilərlər, dövlət bunu tam qadağan etməyi planlaşdırmır”.
A.Nəsirli hazırda Özbəkistanda da planlaşdırılan şəkildə ümumi qadağanın olmadığını qeyd edib:
“Azərbaycanda da böyük əməliyyatlarda nağdsız ödənişin təşviqi üçün vergi və nəzarət mexanizmləri tətbiq olunur, lakin bu, vahid “yalnız nağdsız almaq lazımdır” qaydası deyil. Vətəndaşlar və müəssisələr hələ də bir çox hallarda nağd ödənişdən istifadə edə bilərlər, amma rəsmi qeydiyyat, vergi uçotu və şəffaflıq üçün nağdsız ödənişlərin genişlənməsi təşviq olunur. Nəzəri baxımdan, Azərbaycanda da belə bir qadağanın tətbiqi mümkündür”.
Bəsti Rəfizadə
Sfera.az