Azərbaycan beynəlxalq təşkilatlarda fəallığını və qlobal gündəlikdə artan rolunu növbəti dəfə təsdiqləyib. Ölkəmiz BMT-nin iki mühüm qurumu – Əhali və İnkişaf Komissiyasının (CPD) 2026-2030-cu illər üzrə, eləcə də Sosial İnkişaf Komissiyasının (CSocD) 2025-2029-cu illər üzrə üzvlüyünə seçilib.
Bu komissiyalar BMT-nin iqtisadi-sosial istiqamətlərinə rəhbərlik edən əsas strukturlardan olan ECOSOC-un funksional orqanlarıdır və qlobal sosial siyasət, əhali məsələləri, inklüziv inkişaf, yoxsulluğun azaldılması, dayanıqlı sosial institutların qurulması kimi prioritet sahələrdə dövlətlərin mövqelərinin formalaşmasında mühüm rol oynayır.
Azərbaycanın bu komissiyalara üzv seçilməsi yalnız diplomatik uğur deyil, həm də ölkəmizin sosial inkişaf və humanitar məsələlərdə artan beynəlxalq etimadının göstəricisi sayılır.
Son illər Bakı həm regionda, həm də daha geniş müstəvidə sosial rifah, miqrasiya, gender bərabərliyi, əhali siyasəti, inklüziv inkişaf kimi məsələlərdə fəal təşəbbüslərlə çıxış edir.
Bu baxımdan BMT platformasında təmsilçilik Azərbaycanın həm milli prioritetlərini, həm də qlobal çağırışlarla bağlı mövqeyini daha geniş şəkildə ifadə etməsinə şərait yaradacaq. Qeyd edilən BMT Komissiyalarında təmsilçilik ölkəmizə hansı töhfələri verəcək? Xarici siyasətdə hansı yeniliklər ola bilər?
Mövzu ilə bağlı Sfera.az-a açıqlama verən siyasi şərhçi Kənan Novruzov bildirib ki, Azərbaycanın bütün dünyada böyük nüfuzu var və bu nüfuz Bakıya göstərilən etimad və inamlarla öz inkihasını tapır.
K.Novruzov qeyd edib ki, Azərbaycanın BMT ilə əlaqələrinin kifayət qədər ciddi tarixi var:
“Bu əlaqələr daha çox humanitar xarakter daşımaqla hər iki tərəf üçün faydalıdır. Azərbaycanın BMT-nin iki mühüm komissiyasına üzv seçilməsi ölkəmizə göstərilən diqqətin nəticəsidir. Şübhəsiz ki, bu qərar Azərbaycan-BMT əlaqələrində yeni mərhələyə gətirib çıxaracaq”.
Siyasi şərhçi nəzərə çatdırıb ki, bu yenilik Azərbaycan üçün bir siyasi divident qazandıracaq. Eyni zamanda, Azərbaycanın dünyadakı nüfuzunun daha da artmasına səbəb olacaq. Qeyd edək ki, Azərbaycan ilk dəfə 1992-ci ildə BMT-yə üzv olub və həmin dövrdən bəri təşkilatın bir sıra vacib strukturlarında – Təhlükəsizlik Şurasında (2012-2013), İnsan Hüquqları Şurasında, İqtisadi və Sosial Şurada və digər qurumlarda uğurla təmsil olunub. Yeni seçkilər isə ölkəmizin BMT ilə çoxillik səmərəli əməkdaşlığının davamı kimi qiymətləndirilir.
Firuzə Əliyeva
Sfera.az