ABŞ Prezidenti Donald Tramp deyib ki, Vaşinqtonun təklif etdiyi sülh planına yalnız Ukrayna Prezidenti Volodimir Zelenski etiraz edir. Onun komandasının isə sənədə daha müsbət yanaşdığı görünür. Tramp bildirib ki, Rusiya və Ukrayna ilə razılaşma əldə etməyə çox yaxın idilər. Zelenskinin ətrafındakı bir çox şəxs planı qəbul etməyə hazır idi. Plan 4–5 əsas bənddən ibarətdir və ərazilərin bölüşdürülməsini nəzərdə tutduğu üçün proses çətinləşir. Tramp əlavə edib ki, Ukrayna müharibəsini diplomatik yolla bitirmək, daşınmaz əmlak sahəsində bağladığı ən çətin müqavilələrdən belə daha mürəkkəbdir.


 


Sfera.az saytına açıqlama verən politoloq Elçin Xalidbəyli bildirib ki, Tramp hadisələri manipulyasiya edir. Çünki bu planı yalnız Zelenski yox, həm də Ukraynanın siyasi elitası və ordusu rədd edib. Onun sözlərinə görə, Tramp getdikcə Putinin dediklərini təkrarlayır:


 


"Putin demişdi ki, müharibəni dayandırmaq üçün Ukraynada seçkilər keçirilməlidir. İndi Tramp da eyni fikri səsləndirir. Bu, onların eyni strategiya ilə hərəkət etdiyini göstərir. Məqsəd Ukraynanı bölüşdürməkdir: təbii sərvətləri ABŞ və Tramp ailəsinə yaxın şirkətlərə verilsin, bəzi ərazilər isə Rusiyaya buraxılsın".


 



 


Politoloq söyləyib ki, Zelenski bu planı qəbul etmir və bildirir ki, seçkilər yalnız beynəlxalq təhlükəsizlik təminatı ilə mümkündür:


 


"Çünki müharibə şəraitində seçki keçirmək real deyil. Seçicilərin böyük hissəsi Avropaya köçüb, ölkədə seçki mühiti yoxdur, şəhərlər dağıdılıb. Buna görə də Trampın planı legitim sayıla bilməz". 


 


Politoloq iddia edib ki, Tramp Putinin hazırladığı sülh planını öz adı ilə təqdim edərək manipulyasiya aparır.


 


Fidan Hacızadə

Sfera.az