Bu gün Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Rusiya Prezidenti Vladimir Putin arasında keçirilir.
Sfera.az bildirir ki, görüş regionda və qlobal miqyasda diqqətlə izlənir. Görüşdən hansı nəticələrin əldə olunacağı, tərəflərin əsas gündəmində hansı məsələlərin yer alacağı böyük maraq doğurur.
Bu görüş tərəflər arasında mövcud əməkdaşlıq istiqamətlərinin necə formalaşacağı baxımından da önəmlidir.
Politoloq Turab Rzayev Sfera.az-a açıqlamasında bildirib ki, Türkiyə və Rusiya arasında hazırda müzakirə olunan məsələlər kifayət qədər geniş spektri əhatə edir. Onun sözlərinə görə, tərəflərin gündəmində duran ən əsas mövzu isə, təbii ki, Ukrayna müharibəsi və onun regiona təsirləridir:
“Türkiyə Ukraynanın ərazi bütövlüyünü dəstəkləyən dövlət olsa da, Rusiyaya qarşı Qərbin tətbiq etdiyi sanksiyalara qoşulmayıb. Ankara uzun müddətdir ki, hər iki tərəfin maraqlarını nəzərə alan balanslaşdırılmış siyasət yürüdür və Moskva ilə körpüləri yandırmamaq xəttinə sadiq qalır. Bu, həm siyasi, həm də iqtisadi baxımdan Türkiyənin milli maraqları ilə üst-üstə düşür. Türkiyə indiyədək Ukrayna ilə Rusiya arasında sülhün əldə olunması üçün ən fəal vasitəçilərdən biri kimi çıxış edib. Xüsusilə İstanbulda keçirilən danışıqlar prosesi atəşkəsə ən yaxın nöqtə hesab olunur. O zaman Zelenskiyə təklif olunan şərtlərin sonrakı illərdə gündəmə gələn variantlardan daha sərt olduğu bildirilir. Buna baxmayaraq, həmin mərhələdə də kompromis əldə olunmadı. Ankara bu gün də sülh danışıqlarının bərpasını zəruri sayır və regionda sabitliyin yalnız diplomatik yollarla mümkün olduğunu vurğulayır”.
Politoloq qeyd edib ki, Türkiyə-Rusiya münasibətlərinin digər təməl sütunu onların geniş miqyaslı iqtisadi əməkdaşlığıdır:
“Xüsusilə enerji sahəsində Moskva Ankaranın əsas tərəfdaşlarından biridir. Türkiyə Rusiyadan nisbətən ucuz enerji resursları alır, həmçinin rus qazının öz ərazisi vasitəsilə tranzitini həyata keçirir. Bunun qarşılığında isə Türkiyə öz sənaye və kənd təsərrüfatı məhsullarını Rusiya bazarında satmaq imkanı əldə edir. Bu qarşılıqlı iqtisadi asılılıq iki ölkə arasında münasibətlərin strateji önəmini daha da artırır. Hazırda regionda rus neft tankerlərinə edilən hücumlar və dəniz yolunda təhlükəsizlik məsələləri həm Moskvanı, həm də Ankaranı ciddi şəkildə narahat edir. Bundan əlavə, Türkiyənin Rusiya mənşəli neft və qazın yenidən satışı ilə bağlı ortaya çıxan narazılıqlar da Qərb ölkələri ilə münasibətlərdə zaman-zaman gərginlik yaradır”.
Müsahibimiz vurğulayıb ki, başqa mühüm mövzudan biri taxıl sazişi ilə bağlıdır:
“Türkiyə həm Rusiya, həm də Ukrayna taxılının dünya bazarına çıxarılmasında vasitəçi rolunu oynayır və bu prosesin davamlılığı qlobal ərzaq təhlükəsizliyi üçün həyati əhəmiyyət daşıyır. Ankara çalışır ki, Ukraynadan gələn taxılın xüsusilə ehtiyaclı ölkələrə çatdırılmasını təmin etsin və dünyada aclıq, ərzaq qıtlığı riskinin artmasının qarşısını alsın. Rusiya və Türkiyə arasında strateji əməkdaşlıq sahələri kifayət qədər genişdir. Buraya hərbi-sənaye əməkdaşlığı, müdafiə texnologiyaları, regiondakı geosiyasi məsələlər, o cümlədən Suriya, Cənubi Qafqaz, Qara dəniz təhlükəsizliyi, Şərqi Avropa və Mərkəzi Asiya istiqamətində koordinasiya daxildir. Türk dünyası coğrafiyasında formalaşan yeni regional proseslər də tərəflər üçün əməkdaşlıq platforması yaradır. Bütün bunlarla yanaşı, ABŞ-Rusiya münasibətlərinin kəskin qütbləşdiyi bir dövrdə Türkiyə müəyyən mənada bu iki güc arasında vasitəçi, bəzən isə kommunikasiya kanalı rolunu oynayır. Son illərdə bəzi kritik məsələlərdə ABŞ və Rusiya arasında əlaqələrin Türkiyə üzərindən qurulduğu müşahidə edilir. Bu da Ankaranın regional və qlobal siyasətdə artan çəkisini göstərən əsas amillərdən biridir”.
Niyaz Hacıyev
Sfera.az