Vaşinqton mərkəzli “Defense One” portalının yayımladığı məlumata görə, ABŞ Prezidenti Donald Tramp administrasiyası Avropa İttifaqında (Aİ) siyasi balansı dəyişdirməyə yönəlmiş geniş strategiya üzərində işləyir. “Make Europe Great Again” adı ilə tanınan plan çərçivəsində Vaşinqton, Avstriya, İtaliya, Polşa və Macarıstanı Aİ-dən uzaqlaşdıraraq ABŞ ilə daha sıx əməkdaşlığa cəlb etməyi hədəfləyir.




Məlumata görə, ictimaiyyətə təqdim olunan 33 səhifəlik strategiya sənədinə əlavə olaraq, qapalı qapılar arxasında dövriyyəyə daxil olan daha geniş və detallı layihə də mövcuddur. “Defense One” portalının iddiasına görə, bu ölkələr ABŞ üçün geosiyasi baxımdan kritik əhəmiyyət daşıyır, həm Avropada yeni ittifaqların qurulması, həm də dünya güc balansının Vaşinqton lehinə dəyişdirilməsi məqsədilə seçilib.




Maraqlıdır, niyə məhz Avstriya, İtaliya, Polşa və Macarıstan? Bu ölkələrin geosiyasi və daxili siyasi baxımdan ABŞ üçün əhəmiyyəti nədir? ABŞ-nin məqsədi Avropada yeni ittifaqlar qurmaq cəhdidir? 




Sfera.az-a bu haqda açıqlama verən siyasi şərhçi Şakir Ağayev bildirib ki, Tramp hakimiyyətə gəldikdən sonra Amerikanın Avropa İttifaqına və onun rəhbərliyinə baxışı dəyişib.


 





Ekspertin sözlərinə görə, Tramp Avropa İttifaqının əsas aparıcı ölkələri olan Almaniya və Fransa kimi dövlətlərdən daha çox, daha solçu və müstəqil ölkələrlə əməkdaşlığa üstünlük verir:




“Bu ölkələrin ön sırasında Macarıstan, həmçinin Orbanla şəxsi münasibətləri olduğu üçün xüsusi əhəmiyyət daşıyır. Avstriya da seçilmiş ölkələr sırasındadır, çünki Avstriya bu münasibətlərdə, xüsusilə Ukrayna məsələsində, Fransanın, Almaniyanın və İngiltərənin radikal mövqelərindən fərqli, daha çevik davranır. Polşanı istisna etsək, İtaliya da Avstriya kimi yanaşır. Bu dövlətlərin içində Avropa İttifaqına qarşı etirazlar da mövcuddur. Ən önəmli nümunə Macarıstandır. Son vaxtlar Polşaya yeni gələn prezidentin siyasətində də bu tendensiya özünü göstərir. İtaliyanın baş naziri isə solçu-mühafizəkar qanada aid hesab olunur”.




Ş.Ağayev Trampın Avropa İttifaqını daha çox Amerikanın təsiri altında saxlamağa çalışdığını və bunun Avropa ilə bağladığı müqavilələrdə açıq şəkildə göründüyünü qeyd edib:




“Tramp artıq Avropa İttifaqını dünyanın güc mərkəzi kimi qəbul etmir. O, həmçinin G7-yə qarşı yeni bir “G5” yaratmaq istəyir. Bu “G5”-ə Amerika, Rusiya, Çin, Hindistan və Yaponiya daxildir. Trampın xoşlamadığı Kanada, İngiltərə, Fransa və Almaniya isə kənarda qalır. ABŞ üçün əsas məqsəd Avropa İttifaqını daha asılı vəziyyətdə saxlamaq və onu yeni geopolitik düzəndə əsas tərəf kimi görməməkdir. Tramp bu siyasəti Rusya və Çinlə əlaqələrində də həyata keçirmək istəyir. Yeni ittifaq cəhdi belə də dəyərləndirilə bilər ki, burada Trampla Putinin mövqeləri üst-üstə düşür. Bu isə dünya güc balansına təsir edəcək və yeni dünya düzənində Avropa İttifaqını Trampın istədiyi kimi güc mərkəzi kimi qəbul etməyəcək”.




Bəsti Rəfizadə

Sfera.az