Macarıstanın Baş naziri Viktor Orbanın sözlərinə görə, ABŞ Tramp administrasiyası Rusiya ilə münasibətlərin kəsilməsinin Avropa üçün səhv olduğunu başa düşür. Orban hesab edir ki, amerikalılar Avropanın “sivilizasiya böhranı” ilə üz-üzə olduğunu görür və Rusiya ilə münasibətlərin “strateji səviyyədə bərpa edilməli” olduğunu düşünür.
Rusiya XİN-in sözçüsü Mariya Zaxarova isə bildirib ki, ABŞ-nin Milli Təhlükəsizlik Strategiyası Rusiya ilə strateji sabitliyi təmin etməyə imkan verir, amma sənəddə bəzi ziddiyyətli məqamlar var.
ABŞ-nin Rusiya ilə münasibətlərin bərpasını strateji baxımdan düzgün hesab etməsi və Orbanın Avropanın "sivilizasiya böhranı" ilə üz-üzə olması fikri barədə nə düşünülür və bu vəziyyət Avropanın gələcək siyasətinə necə təsir edə bilər?
Politoloq Tofiq Abbasov Sfera.az-a açıqlamasında bildirib ki, Avropa İttifaqı hazırda əsasən təşəbbüskar mövqedədir və bu zaman onun özünə qarşı bədgümanlıq hissi davamlı olaraq güclənir:
“Yəni, İkinci Dünya Müharibəsindən sonra Avropa dövlətləri və təsisatları Amerikaya o qədər bel bağlayırdılar, ona güvənirdilər və öz müqəddaratlarını ona həvalə edirdilər ki, indi şərti olaraq onlara azadlıq verilirsə də, onlar bundan necə istifadə edəcəyini düşünürlər. Onlarda hazır bir “resept” yoxdur ki, desinlər: “Biz öz üzərimizdə işləməyi bacarırıq, öz taleyimizi öz əlimizə alırıq və suveren addımlar atacağıq.” Hələlik, biz bunu görürük. Bir çoxları bu vəziyyəti çox dramatik və faciəvi məqama çevirir. Fakt odur ki, Avropa indi dərin bir böhran yaşayır. Orta səviyyəli rəhbərlərin fəaliyyət göstərdiyi müşahidə olunur. Bu rəhbərlər isə siyasi partiyaların irəli sürdüyü namizədlərdir və faktiki olaraq siyasi elita sıralarında seyrəklik mövcuddur. Hətta avropalılar özlərinin işlək vəziyyətinə inanmırlar”.
Politoloq qeyd edib ki, bu baxımdan, Rusiyanın və ABŞ-nin rəhbərləri öz fəaliyyətlərini özləri idarə edirlər:
“Onlar birincisi, öz proseslərini özləri nəzarətdə saxlayır, heç kimdən dəstək gözləmir. Moskva və Vaşinqtonda başa düşülür ki, idarəetmə həmişə öz əllərində olmalıdır; özləri qərar verib, çıxış yollarını tapmalıdırlar. Təbii ki, bu baxımdan Viktor Orban çox yaxşı nümunə göstərir. Orban kifayət qədər güclü siyasətçidir, o, “yox” deməyi bacarır və dövlət maraqlarını layiqincə qoruyur. Bu, çox vacib göstəricidir. Onun nümayiş etdirdiyi məharəti nə Makron, nə də Merkl göstərə bilmir. Ola bilsin ki, bu Avropanın digər ölkələrində xarakterikdir: milli və mənəvi dəyərlər çökmək üzrədir. Bu, miqrant kütləsinin gəlməsi ilə bağlı deyil. Miqrantlar gəlsələr də, onlar öz həyat tərzlərini qoruya bilirlər. Gənclər isə ənənəvi vərdişlərdən və normalardan uzaqlaşırlar”.
Müsahibimiz bildirib ki, Avropaya güclü “terapiya” lazımdır:
“Çünki Avropa vaxtilə Osmanlı imperiyası güclü olarkən ona təhdid mənbəyi kimi baxırdı. Sonra yavaş-yavaş Osmanlını laxlatmağa başladılar. 20-ci əsrin əvvəllərində artıq Osmanlıya “Avropanın xəstə övladı” deyirdilər. İndi isə özləri həmin “xəstə adamın” vəziyyətinə düşüblər və çox dərin böhran yaşayırlar. İlk öncə avropalılar özləri bu proseslə bağlı qərar verməlidirlər. Gələcəkdə yeni normalar və yanaşmalar tətbiq olunmalıdır. Əks təqdirdə, proseslər dərinləşəcək və Avropa tənəzzül yoluna düşəcək. Digər tərəfdən, böyük və qlobal müharibənin əlamətləri artıq aydın görünür. Avropalılar həqiqətən də söz sahibi olmaq istəyirlərsə, islahatlar aparmalı və cəmiyyətdə sağlam bir tendensiya formalaşdırmalıdırlar”.
Niyaz Hacıyev
Sfera.az