Avqust ayında Ermənistan və Azərbaycan arasında imzalanan bəyannamə tarixi əhəmiyyət kəsb edir və Cənubi Qafqazda və onun hüdudlarından kənarda çoxtərəfli əməkdaşlıq üçün perspektivlər açır.
Sfera.az xəbər verir ki, bu barədə Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Türkmənistanın paytaxtı Aşqabadda keçirilən "Beynəlxalq Sülh və Etimad İli - 2025" konfransında bildirib. Tokayev Ermənistan və Azərbaycan arasında sülh müqaviləsinin ən qısa müddətdə imzalanacağına ümid etdiyini bildirib.
“Bizim fikrimizcə, Azərbaycan və Ermənistan tərəfindən birgə sülh bəyannaməsinin imzalanması tarixi əhəmiyyət daşıyır və bu, regionda və onun hüdudlarından kənarda çoxşaxəli əməkdaşlıq üçün geniş perspektivlər açır. Cənubi Qafqazda sabitliyi təmin edəcək tamformatlı sülh müqaviləsinin tezliklə imzalanacağına ümid edirik”.
Prezident Kasım-Jomart Tokayev həmçinin bildirib ki, Qazaxıstan Ukrayna münaqişəsi üzrə danışıqlar prosesinin aktivləşməsini alqışlayır:
“Yaxın Şərqdəki vəziyyətlə bağlı sülh sazişinin imzalanmasını da alqışlayırıq. Qazaxıstanın İbrahim sazişlərinə qoşulmaq qərarı bu regiondakı vəziyyətin sabitləşdirilməsinə öz töhfəsini vermək istəyindən irəli gəlir”.
Firuzə Əliyeva
Sfera.az