Ağ şəkər insanların gündəlik rasionunda ən çox istifadə olunan, lakin sağlamlıq üçün təhlükəsi tez-tez unudulan maddələrdən biridir. 


 


Sfera.az xəbər verir ki, o, təkcə şirniyyatlarda deyil, həm də içkilərdə, qablaşdırılmış məhsullarda və hətta sağlam kimi təqdim edilən bəzi qidalarda gizlənir.




Bu şəkərin azaldılması və ya pəhrizdən tam çıxarılması qısa müddətdə enerji səviyyəsi, dəri vəziyyəti, həzm prosesi və zehni fəaliyyət də daxil olmaqla bir çox sahədə nəzərəçarpacaq müsbət təsirlər yaradır.




Təmizlənmiş şəkər qısamüddətli enerji artımı yaratsa da, bu təsir çox keçmədən azalır və yorğunluq hissi ilə nəticələnir. Şəkərin qanda yaratdığı kəskin dalğalanmalar enerji səviyyəsini gün boyu qeyri-sabit edir.




Şəkəri azaldan insanlarda bədən daha dayanıqlı enerji mənbələrinə kompleks karbohidratlara və lifli qidalara yönəlir. Bu isə günü daha sabit enerji ilə keçirməyə kömək edir.




Bununla yanaşı, kalorisi yüksək, qida dəyəri isə aşağı olan şəkər artıq çəkinin əsas səbəblərindən biri hesab olunur. Araşdırmalar göstərir ki, şəkərin çox istifadəsi piylənmə ilə birbaşa əlaqəlidir.




Şirniyyatlardan və şəkərli içkilərdən imtina gündəlik kalori qəbulunu azaldır, iştah hormonlarının fəaliyyəti normallaşır və çəkiyə nəzarət daha rahat olur.

Həmçinin, təmizlənmiş şəkərin çox qəbulu dəridə iltihabı artırır, sızanaqların yaranmasına səbəb olur və qlikasiya prosesi ilə kollagenin sərtləşməsinə gətirib çıxarır. Bu, dərinin elastikliyini azaldır və vaxtından əvvəl qocalma əlamətlərini gücləndirir.




Şəkərdən imtina edən şəxslərdə qısa müddətdə dəridə parlaqlıq, sızanaqların azalması və ümumi canlanma müşahidə olunur.


 


Eyni zamanda, ağ şəkər bağırsaq florasının balansını pozaraq zərərli bakteriyaların çoxalmasına şərait yaradır. Bu isə şişkinlik, həzm pozğunluğu və immunitetin zəifləməsi kimi problemlərə gətirib çıxara bilər. Şəkərin azaldılması bağırsaq mikrobiotasını tarazlayır, lif və probiotiklərlə zəngin qidalanma isə həzmin daha sağlam işləməsinə dəstək olur.


 


Araşdırmalara görə, şəkərin çox istifadəsi yaddaş, öyrənmə və diqqət kimi idrak funksiyalarına mənfi təsir göstərir. Bir çox insan şəkərdən imtina etdikdən sonra düşüncələrinin daha aydınlaşdığını, konsentrasiyanın gücləndiyini və zehni yorğunluğun azaldığını bildirir.


 


Qeyd edək ki, xüsusilə axşam saatlarında qəbul edilən şəkər yuxu rejimini pozur, gecə oyanmalarını artırır və dərin yuxu fazalarını zəiflədir. Şəkəri azaldan insanlarda yuxunun daha rahat, fasiləsiz və dincəlmiş şəkildə keçdiyi müşahidə olunur.


 


Fidan Hacızadə

Sfera.az