Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Azərbaycan Respublikası üzrə ticarət elçisi Lord Olderdaysın rəhbərlik etdiyi nümayəndə heyəti Səngəçal terminalına rəsmi səfər edib.
Sfera.az bildirir ki, səfər çərçivəsində qonaqları bp-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Cio Kristofoli və şirkətin regional rəhbər heyəti qarşılayıb. Görüş zamanı nümayəndə heyətinə terminalın Azərbaycanın enerji layihələrinin həyata keçirilməsindəki strateji rolu, bp-nin operatoru olduğu layihələrin cari vəziyyəti və əməliyyatlarda tətbiq olunan müasir texnologiyalar barədə ətraflı məlumat təqdim olunub.
Səfər iştirakçıları həmçinin terminalın əməliyyat sahəsinə, Şahdəniz və Abşeron Mərkəzi Şelf (ACE) platformalarının idarəetmə otaqlarına və Xəzər Enerji Mərkəzinə baxış keçiriblər.
Bu səfər Azərbaycan ilə Böyük Britaniya arasında enerji sahəsində əməkdaşlığın daha da möhkəmləndirilməsi baxımından əhəmiyyətli bir addım kimi qiymətləndirilib.