34 yaşlı Cənubi Koreyalı kriptovalyuta maqnatı Do Kvon, 40 milyard dollarlıq bazar çöküşünə və kripto ekosistemində genişmiqyaslı fırıldaqçılığa səbəb olduğu üçün ABŞ-ın Manhetten Federal Məhkəməsi tərəfindən 15 il həbs cəzasına məhkum edilib. Onun fırıldaqlarından zərər çəkənlərin sayının bir milyona yaxın olduğu bildirilir.
Sfera.az bildirir ki, Kvonun 25 ilə qədər həbs cəzası alması gözlənilsə də, prokurorluq 12 il cəza tələb edib. Lakin hakim Pol Engelmayer bu tələbi "çox yumşaq" adlandıraraq, daha sərt hökm çıxarıb. Hakim Kvonun cinayətini “nəsilləri əhatə edən epik miqyaslı fırıldaqçılıq” kimi qiymətləndirib və onun investorlar üzərində “mistik gücə” sahib olduğunu bildirib.
Do Kvon, 2018-ci ildə Sinqapurda həmtəsis etdiyi “Terraform Labs” şirkətinin iflası ilə bağlı fırıldaqçılıq ittihamlarını avqust ayında etiraf edib. Prokurorlar bu fırıldağın “FTX” və “OneCoin” qalmaqallarını belə geridə qoyduğunu bildiriblər.
Kvon, saxta pasportla Balkanlara qaçmazdan əvvəl Sinqapurda şirkətini yenidən qurmağa cəhd edib. 2023-cü ilin mart ayından etibarən Monteneqroda həbsdə saxlanılıb. Təqsirini etiraf etməsi müqabilində 19 milyon dollardan çox vəsaitin müsadirəsinə razılıq verib.
Məhkəmə zamanı Kvon qurbanların ifadələrini dinləyib, bəzilərindən şəxsən, bəzilərindən isə telefonla üzr istəyib. O, son illərini “hər şeyi düzəltmək üçün nə edə biləcəyini düşünməklə” keçirdiyini bildirib.
İstintaq çərçivəsində ən azı 300 qurbanın ifadəsi toplanıb. Onlardan biri atasının pensiya əmanətlərini itirdikdən sonra intiharı düşündüyünü, digəri isə ailəsinin maddi çöküş səbəbilə Xorvatiyaya qayıtmaq məcburiyyətində qaldığını deyib. Başqa bir şahid isə yüzlərlə qeyri-kommersiya təşkilatını investisiya qoymağa inandırdığı üçün vicdan əzabı çəkdiyini bildirib.
Do Kvon cəzasını ABŞ-da çəkəcək.
Aynil