ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiven Uitkoff bu həftəsonu Berlində Avropa liderləri və Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşəcək.


 


Sfera.az xəbər verir ki, bu barədə “The Wall Street Journal” məlumat yayıb. Məlumata görə, Uitkoff 14-15 dekabr tarixlərində Böyük Britaniya, Almaniya və Fransadan olan danışıqçılarla görüşlər keçirəcək. Qəzetin yazdığına görə, Uitkoffun Berlinə göndərilməsi ABŞ administrasiyasının Vaşinqton və Kiyev arasında mümkün sülh razılaşmasının şərtləri ilə bağlı fikir ayrılıqlarını aradan qaldırmaq niyyətini nümayiş etdirir. WSJ bildirir ki, Berlin danışıqlarında Fransa Prezidenti Emmanuel Makron, Böyük Britaniyanın Baş naziri Keyr Starmer və Almaniya kansleri Fridrix Merzin müşavirləri ilə birlikdə iştirakı gözlənilir.


 


İlkin olaraq Avropa liderləri ABŞ-nin sülh planı ilə bağlı təkliflərini müzakirə etmək üçün bu həftəsonu Donald Trampla görüş keçirməyi planlaşdırırdılar. Tramp daha əvvəl bəyan etmişdi ki, ABŞ yalnız bu danışıqların məhsuldar olacağına əmin olduğu halda Avropadakı görüşə nümayəndə göndərəcək.


 


Bundan əvvəl Almaniya hökumətinin sözçüsü Stefan Kornelius kansler Fridrix Merzin Ukraynadakı münaqişənin həlli ilə bağlı danışıqlar aparmaq üçün 15 dekabrda Berlində Volodimir Zelenski ilə görüşəcəyini açıqlamışdı. Daha sonra bir sıra Aİ və NATO liderlərinin də müzakirələrə qoşulacağı gözlənilir.


 


Qeyd edək ki, Aİ-3 formatında, Almaniya, Böyük Britaniya və Fransa arasında ayrıca danışıqlar da planlaşdırılır.


 


Niyaz Hacıyev


Sfera.az