Tailandın Baş naziri Anutin Çarnvirakul bildirib ki, ölkənin təhlükəsizliyi tam təmin olunana qədər hərbi əməliyyatlar davam etdiriləcək.


 


Sfera.az xəbər verir ki, o, bu barədə “Facebook” sosial şəbəkəsində paylaşım edib.


 


Baş nazir qeyd edib: “Tailand torpaqlarımızın və xalqımızın artıq təhlükədə olmadığını hiss edənə qədər hərbi əməliyyatları davam etdirəcək”.


 


Xatırladaq ki, bir müddət əvvəl ABŞ Prezidenti Donald Tramp Tailand və Kamboca liderlərinin 24 saat ərzində hərbi əməliyyatları dayandırmaq və sülh razılaşmalarının icrasına qayıtmaq barədə razılığa gəldiklərini açıqlamışdı. Dekabrın 7-də Kamboca-Tailand sərhədi boyunca kiçik silahlardan istifadə edilməklə silahlı toqquşmalar baş verib. Tailand Kral Ordusunun məlumatına görə, Kamboca qüvvələri səhər saatlarında sərhəd bölgəsində yerləşən Tailand mövqelərini atəşə tutub.


 


Buna cavab olaraq Tailand Hərbi Hava Qüvvələri Kambocanın hərbi infrastrukturuna zərbələr endirib. Toqquşmalar nəticəsində hərbçilər arasında itkilərin olduğu bildirilir. Həm Tailand, həm də Kambocadakı Rusiya səfirlikləri rusiyalı turistlərə sərhəd bölgələrinə səfər etməkdən çəkinməyi tövsiyə edib.


 


Niyaz Hacıyev


Sfera.az