Müasir həyat tərzi insanları getdikcə daha çox oturaq həyata sürükləyir. Ofis işi, onlayn təhsil, sosial şəbəkələr və televiziya qarşısında uzun müddət keçirmək gündə 2 saatdan artıq hərəkətsiz qalmağa səbəb olur.


 


Sfera.az xəbər verir ki, bu vərdiş təkcə fiziki yox, həm də psixoloji sağlamlıq üçün ciddi risklər yaradır. Gündəlik iki saatdan artıq fasiləsiz oturmaq ürək-damar xəstəlikləri, artıq çəki, şəkərli diabet və bel-boyun ağrıları riskini artırır. Uzunmüddətli oturaq qalmaq qan dövranını zəiflədir, əzələlərin zəifləməsinə və maddələr mübadiləsinin ləngiməsinə gətirib çıxarır. Oturaq həyat tərzi psixoloji vəziyyətə də mənfi təsir göstərir. Hərəkətsizlik stress, narahatlıq və depressiya əlamətlərinin artması ilə əlaqələndirilir.


 


Xüsusilə gənclər və ofis işçiləri risk qrupunda sayılır. Bu riskləri azaltmaq üçün hər 30-40 dəqiqədən bir ayağa qalxmaq, qısa gəzintilər etmək və gün ərzində ən azı 30 dəqiqə fiziki aktivliyə vaxt ayırmaq tövsiyə olunur. Sadə vərdiş dəyişiklikləri, pilləkənlə qalxmaq, açıq havada gəzmək və ekran qarşısında keçən vaxtı azaltmaq, sağlamlığın qorunmasında mühüm rol oynaya bilər.


 


Qeyd edək ki, oturaq həyat tərzi müasir dövrün “səssiz təhlükəsi”dir və bunun qarşısını almaq üçün cəmiyyət səviyyəsində maarifləndirməyə ehtiyac var.


 


Niyaz Hacıyev


Sfera.az