Son illərdə Yeni ili evdə qarşılamağa üstünlük verənlərin sayı artmaqdadır.
Sfera.az xəbər verir ki, insanlar izdihamlı məkanlar, yüksək xərclər və səs-küydən uzaq olmaq üçün bayramı daha sakit və rahat mühitdə, evdə keçirməyi seçirlər. Ev şəraitində də Yeni ilin mənalı və psixoloji baxımdan faydalı şəkildə keçirilməsi mümkündür. Ailə və yaxınlarla birgə masa oyunları oynamaq (monopoliya, şahmat, kart oyunları) ünsiyyəti gücləndirir və stress səviyyəsini azaldır. Bu, emosional yaxınlığı artıran fəaliyyətlərdən biri kimi qiymətləndirilir. Həmçinin film və serial marafonlarının evdə Yeni il gecəsi üçün geniş yayılan seçim olduğunu bildirirlər.
Xüsusilə bayram mövzulu filmlər insanlarda müsbət emosiyalar yaradır və bayram ab-havasını gücləndirir. Birlikdə film izləmək ailə üzvləri arasında bağları möhkəmləndirir. Ev şəraitində yemək hazırlamaq da Yeni il fəaliyyətləri sırasında önəmli yer tutur. Ailə üzvlərinin birlikdə yeni reseptlər sınaqdan keçirməsi həm əyləncəli, həm də yaradıcı proses hesab olunur. Bu cür fəaliyyətlər uşaqlarda məsuliyyət və paylaşma vərdişlərini də formalaşdırır.
Yeni il üçün plan və məqsədlərin yazılması psixoloji baxımdan faydalı hesab olunur. Gələcək hədəflərin kağız üzərində qeyd edilməsi motivasiyanı artırır və insanlarda nəzarət hissi yaradır. Qeyd edək ki, evdə Yeni il keçirmək sosial təcrid deyil, əksinə, daha keyfiyyətli vaxt keçirmə formasıdır. Düzgün seçilmiş fəaliyyətlər sayəsində evdə keçirilən bayram da yaddaqalan və mənalı ola bilər.
Niyaz Hacıyev
Sfera.az