ABŞ Prezidenti Donald Tramp Ukraynadakı münaqişənin həlli üçün aparılan danışıqlarda güzəştə getməsi məqsədilə Volodimir Zelenskiyə ciddi təzyiq göstərir.


 


Sfera.az xəbər verir ki, bu barədə “Bild” qəzeti məlumat yayıb. Nəşr yazır ki, Ukrayna üzrə danışıqlar 2022-ci ilin fevralından bəri ən intensiv mərhələyə daxil olub və Tramp Zelenskinin daxili siyasi zəifliyindən istifadə edə bilər. Ən həssas mövzu Donbas olaraq qalır. Təhlükəsizlik zəmanətləri, yenidənqurma və dondurulmuş Rusiya aktivləri də müzakirə edilir.


 


“Bild”in yazdığına görə, Tramp üçün mümkün son tarix Milad, yəni 25 dekabr ola bilər. Bu arada, “The Wall Street Journal” ABŞ prezidentinin xüsusi elçisi Stiven Uitkoffun Berlində Avropa liderləri və Zelenski ilə görüşəcəyini bildirib. Bu addım Vaşinqtonun Kiyev ilə fikir ayrılıqlarını aradan qaldırmaq niyyətini göstərir.


 


Qeyd edək ki, Vaşinqtonun noyabrda irəli sürdüyü 28 maddəlik plan Avropa və Kiyev tərəfindən tənqid olunub. Daha sonra sənəd yenidən işlənib və dekabrın əvvəlində Zelenski ABŞ-yə 20 maddəlik alternativ sülh planı təqdim edib.


 


Niyaz Hacıyev


Sfera.az