Dünyaca məşhur reper və aktyor Snup Doq (əsl adı Kelvin Kordozar Broadus Jr.) 2026-cı ildə İtaliyada keçiriləcək Qış Olimpiya Oyunlarında ABŞ komandasının “fəxri məşqçisi” təyin edilib. 6–22 fevral tarixlərində Milan və Kortina d'Ampezzo şəhərlərində baş tutacaq yarışlarda Snup Doq idmançılara motivasiya və dəstək vermək üçün komanda ilə birlikdə olacaq.


 


 


Amerika Birləşmiş Ştatları Olimpiya və Paralimpiya Komitəsi (USOPC) bildirib ki, Snup Doq bu rolu könüllü şəkildə yerinə yetirəcək və ölkə xaricindəki idmançıları ruhlandırmaq üçün özünəməxsus üslubunu ortaya qoyacaq.


 


 


Snup Doq daha əvvəl də Olimpiya Oyunlarında iştirak edib – 2024-cü ildə Parisdə NBC-nin yayımında xüsusi müxbir kimi çıxış edib və 2028-ci il Los-Anceles Olimpiadasının təhvil-təslim mərasimində səhnəyə çıxıb.


 


 


“Əsl ulduzlar ABŞ komandasındakı idmançılardır. Mən sadəcə onları ruhlandırmaq, ilham vermək və bəlkə də bir az da məsləhət vermək üçün buradayam,” – deyə Snup bildirib.


 


 


USOPC onun yumorunun və enerjisinin komanda ruhuna müsbət təsir edəcəyinə inanır. Snup Doq isə bu yeni vəzifəni böyük həyəcanla qarşılayır: “Bu komanda istedadı, ürəyi və əzmkarlığı təmsil edir. Əgər bir az da sevgi və motivasiya gətirə bilərəmsə, bu mənim üçün qələbədir”.


 


 


Qeyd edək ki, Snup Doq peşəkar idmançı olmasa da, idmana olan dəstəyi ilə tanınır. 2005-ci ildə o, şəhərətrafı icmalardan olan uşaqlar üçün “Snoop Gənclər Futbol Liqası”nı təsis edib və minlərlə gəncin idmana yönəlməsinə töhfə verib.


 


Aynil