BMT Təhlükəsizlik Şurasında “Beynəlxalq sülh və təhlükəsizliyin qorunması” gündəliyi çərçivəsində “Sülh naminə liderlik” mövzusunda keçirilən açıq debat bir daha təşkilatın mövcud fəaliyyət mexanizmlərinin müasir çağırışlara cavab verməsi məsələsini gündəmə gətirib.


 


Debatda çıxış edən Azərbaycanın BMT yanında daimi nümayəndəsi Tofiq Musayev beynəlxalq ictimaiyyətin bir-biri ilə əlaqəli çoxsaylı böhranlarla üz-üzə qaldığını, bu vəziyyətin isə çoxtərəfli sistemə ciddi təzyiq göstərdiyini vurğulayıb.


 


O, həmçinin BMT Təhlükəsizlik Şurasının daha səmərəli fəaliyyət göstərməsi üçün islahatlara ehtiyac olduğunu bildirib. Bəs bu kontekstdə BMT-də hansı islahatların aparılması daha əhəmiyyətli ola bilər?


 


Məsələ ilə bağlı sabiq deputat, politoloq Elşad Mirbəşiroğlu Sfera.az-a açıqlama verib. O bildirib ki, ümumilikdə BMT Təhlükəsizlik Şurasında beynəlxalq sülh və təhlükəsizliyin qorunması gündəliyi çərçivəsində “sülh naminə liderlik” mövzusunda müzakirələrin aparılması özü-özlüyündə olduqca zəruridir.


 



 


“Çünki həqiqətən də Azərbaycanın daimi nümayəndəsinin də qeyd etdiyi kimi, bu gün beynəlxalq təhlükəsizlik məsələsində həllini tapmayan çoxsaylı suallar mövcuddur. Ona görə ki, mövcud beynəlxalq münasibətlər sistemi bütün əlamətləri ilə dərin transformasiya mərhələsinə keçməkdədir. Belə ki, ikiqütblü dünya sistemi sıradan çıxdıqdan sonra bir müddət təkqütblü beynəlxalq münasibətlər sisteminin əlamətləri müşahidə edildi. Lakin bu, uzun sürmədi. Çünki dünyanın hazırkı inkişaf dinamikası tamam fərqli beynəlxalq münasibətlər sisteminin formalaşmasını tələb edir. Yəni sürətlə inkişaf edərək beynəlxalq siyasətə, dünyanın ümumi iqtisadi və geosiyasi mənzərəsinə təsir göstərən dövlətlər meydana çıxmağa başladı. Məsələn, bu mənada Çin, Hindistan, Rusiya və bir sıra digər ölkələri ayrıca qeyd etmək lazımdır”.


 


Politoloqun sözlərinə görə, müxtəlif platformalar da formalaşmaqdadır ki, onlar beynəlxalq siyasətə ayrıca ciddi subyekt kimi təsir imkanlarına malikdirlər:


 


“Belə olan halda, sözsüz ki, beynəlxalq təhlükəsizlik və sülh məsələsi daha aktual xarakter alır. Bu baxımdan, sözün həqiqi mənasında təxirəsalınmaz tədbirlərin görülməsi olduqca vacibdir. Çünki beynəlxalq təhlükəsizliyə qarşı çox ciddi və real təhdidlər mövcuddur. Yəni ənənəvi və klassik təhdidlərlə yanaşı, yeni təhlükələrin də meydana gəldiyini görürük. Beynəlxalq təhlükəsizlik və sülh məsələsində BMT-nin kifayət qədər təsirli rol oynadığını isə təəssüf ki, söyləmək çətindir. Mahiyyət etibarilə BMT İkinci Dünya müharibəsindən sonra məhz bu məqsədlə yaradılmışdı. Müharibədən sonra BMT-nin təsis edilməsinin əsas motivi dövlətlərarası münaqişəli vəziyyətlərin dinc vasitələrlə, yəni danışıqlar və dialoq yolu ilə aradan qaldırılması idi. Sözsüz ki, BMT-nin həm yarandığı dövrdə, həm də müasir mərhələdə beynəlxalq münasibətlər sistemində müəyyən rolu və təsiri olub və bu gün də mövcuddur. Lakin beynəlxalq təhlükəsizliyin etibarlı şəkildə qorunması istiqamətində BMT-nin resurslarının kifayət etmədiyi artıq görünən reallıqdır. Baxmayaraq ki, BMT-nin nəzarətində olan sülhməramlı qüvvələr- “mavi dəbilqəlilər” mövcuddur, həmçinin BMT Təhlükəsizlik Şurasının qərarları və sanksiyaları əsasında müəyyən hallarda hərbi güc tətbiq etmək imkanları var, lakin ümumilikdə bu mexanizmlər ayrı-ayrı regionlarda münaqişə və silahlı qarşıdurma vəziyyətlərinin aradan qaldırılmasında yetərincə effektiv olmur və ya düzgün istifadə edilmir”.


 


Eks parlamentari BMT strukturunda uzun illərdir islahatların aparılmamasından danışıb. O bu xüsusda Azərbaycanla bağlı yaxın 30 illik tarixə nəzər salmağın vacib olduğunu diqqətə çatdırıb: 


 


“Məsələn, Azərbaycan Prezidenti cənab İlham Əliyev də bir neçə dəfə BMT-nin ən yüksək tribunalarından bu təşkilatda islahatların aparılmasının vacibliyini vurğulayıb. Eyni zamanda BMT Təhlükəsizlik Şurasının tərkibinin genişləndirilməsinin zəruriliyi də müxtəlif dünya liderləri tərəfindən dəfələrlə səsləndirilib.  Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan “Dünya beşdən böyükdür” ifadəsi ilə bu məsələyə xüsusi diqqət çəkib. Bu baxımdan hesab edirəm ki, BMT Təhlükəsizlik Şurasının tərkibinin genişləndirilməsi təşkilatın qlobal təhlükəsizlik məsələlərində daha effektiv fəaliyyət göstərməsinə şərait yarada bilər. Bu, olduqca vacibdir. Eyni zamanda beynəlxalq sülhyaratma missiyalarının da BMT tərəfindən daha dinamik və real şəkildə həyata keçirilməsi mümkün ola bilər. Digər mühüm məqam ondan ibarətdir ki, Təhlükəsizlik Şurasının tərkibi genişləndiyi təqdirdə dünyanın aparıcı dövlətlərinin yalnız öz maraqlarına uyğun qərarların qəbul edilməsinə təsir imkanları məhdudlaşacaq və bu da daha ədalətli mövqelərin ortaya qoyulmasına səbəb olacaq. Məsələn, bizim reallıqlara uyğun olaraq xatırlatmaq istərdim ki, keçmiş Ermənistan-Azərbaycan münaqişəsi dövründə BMT Təhlükəsizlik Şurası tərəfindən dörd qətnamə qəbul edilmişdi. Lakin həmin qətnamələr uzun müddət kağız üzərində qaldı. Azərbaycan dövləti bu qətnamələri öz gücü hesabına həyata keçirdi. Halbuki bəzi digər hallarda görmüşük ki, BMT Təhlükəsizlik Şurası tərəfindən qəbul edilən qətnamələr çox qısa müddətdə və dinamik şəkildə icra olunur. Bu cür ikili yanaşmaların qarşısının alınması üçün hesab edirəm ki, fərqli və daha ədalətli mexanizmlərə ehtiyac var. Xüsusilə də BMT Təhlükəsizlik Şurasının tərkibinin genişləndirilməsi bu baxımdan olduqca vacibdir”.


 


Bəsti Rəfizadə


Sfera.az