Son bir ayda qızılın qiyməti 6,5 faiz, son 6 ayda 26 faiz, bir ildə isə 64 faiz artıb. Hazırda bir troya unsiyası 4 350 dollar (bir qramı 140 dollar) olan qızılın qiymətinin 2026-cı ildə 5 000 dollara (bir qramı 161 dollar) çatacağı proqnozlaşdırılır.


 


Belə sürətli bahalaşma zərgərlik bazarında hansı dəyişikliklərə səbəb ola bilər?


 


Məsələ ilə bağlı iqtisadçı Asif İbrahimov Sfera.az-a açıqlama verib. Onun sözlərinə əsasən, dünyada baş verən hadisələr iqtisadi və siyasi proseslərlə bağlıdır.


 



 


“Ümumiyyətlə, dünyada baş verən hadisələrin iqtisadi və siyasi fonunda məlumdur ki, qədim zamanlardan bəri qiymətli metallar və daşınmaz əmlak sərvətin qorunub saxlanılması üçün ən etibarlı üsul hesab olunub. Bu səbəbdən də dünya miqyasında baş verən qeyri-müəyyənliklər fonunda tələbat artıb və insanlar öz sərvətlərini xüsusilə qızıl vasitəsilə qorumağa çalışırlar. Hətta dövlətlər də aktivlərini müxtəlif valyutalarla yanaşı, qiymətli metalların alınması yolu ilə qorumağa üstünlük verirlər. Azərbaycan da bu sahədə addım atmağa başlayıb. Çin, Hindistan və digər bir sıra dövlətlər öz aktivlərini diversifikasiya edərək həm valyuta, həm də qiymətli materiallar vasitəsilə qoruyurlar. Bu dinamika 2026-cı ildə də kəskin şəkildə davam edəcək”.


 


Ekspert həm zərgərlərin, həm istehsalçıların, həm də istehlakçıların bazara fərqli prizmadan yanaşmağa başladıqlarını qeyd edib:


 


"Əvvəllər Azərbaycanda qızıl daha çox zinət əşyası kimi toy və ya hədiyyə məqsədilə alınırdı. Lakin indi qiymətlərin artması fonunda bu tələbat nisbətən azalır və insanlar qızılı əsasən investisiya məqsədli, sərvətin qorunması üçün almağa üstünlük verirlər. Zərgərlik sahəsində də vəziyyət oxşardır. Kiçik sexlər sıradan çıxır, çünki qızılın qiyməti və xammalın dəyəri bahalaşdıqca kiçik istehsal yerləri fəaliyyət göstərə bilmir. Ölkəyə valyuta daxil olur və bunun müqabilində qızıl alışları artır. Xüsusi zinət əşyaları və bəzək əşyalarından çox xam qızıl, məsələn, qızıl qəpiklər (5, 10 qəpik) və xalis qızıl alınması ön plana çıxır. İnsanlar artıq bəzəkli əl işlərindən çox sərvətin qorunması məqsədli aktivlərə üstünlük verirlər”.


 


Bəsti Rəfizadə


Sfera.az