Macarıstanın xarici işlər və xarici iqtisadi əlaqələr naziri Peter Siyarto Brüsseldə macar jurnalistlərlə söhbəti zamanı rəsmi Budapeştin Ukraynanın Aİ-yə üzvlüyünü təhlükəsizlik mexanizmi kimi deyil, Avropanın ümumi təhlükəsizliyi baxımından ciddi risk kimi dəyərləndirdiyini qeyd edib.
“Biz, macarlar Ukraynanın Avropa İttifaqına üzvlüyünü ukraynalılar üçün təhlükəsizlik zəmanəti deyil, bütün Avropa üçün müharibə təhlükəsi kimi qiymətləndiririk”, – deyə nazir vurğulayıb.
Bəs Ukraynanın Avropa İttifaqına üzvlüyü niyə təhlükə kimi qiymətləndirilir? Bu addım Aİ ilə Rusiya arasında gərginliyi daha da artıraraq Avropanı mümkün hərbi qarşıdurmaya sürükləyə bilərmi?
Məsələ ilə bağlı siyasi şərhçi Tural İrfan Sfera.az-a açıqlama verib. Onun sözlərinə əsasən, ümumiyyətlə, Avropa İttifaqı ilə ABŞ arasında bu mövzuda rəqabət mövcuddur və məhz bu rəqabət fonunda ziddiyyətlər yaranıb.
“Hazırda ABŞ-nin təqdim etdiyi sülh planı ilə bağlı həm Avropa, həm də ABŞ bu məsələnin həllində maraqlı görünür. Təbii ki, Ukraynanın təhlükəsizliyi ilə bağlı müddəalar var. Amma məlumdur ki, Rusiya ilə imzalanan istənilən müqavilə su üzərində barmaqla yazılan yazı kimidir, istənilən vaxt həmin müqaviləni və ya onun şərtlərini poza bilər. Avropa İttifaqı da məhz bundan narahatdır və Ukraynanın İttifaqa üzv olmasına ehtiyatla yanaşır. Bunun baş verməməsi üçün əsas qabaqlayıcı tədbirləri Qərb görməlidir. Nisbi razılıq əldə olunduqdan sonra isə artıq sülh prosesinə daxil olaraq digər açıq qalan məsələlərə də baxılacaq. Hesab edirəm ki, müharibə bitmək üzrədir və böyük güclərin hesabladığı mərhələ başa çatıb. Sadəcə, sülh və danışıq görüntüsü yaradaraq prosesi təbii göstərmək istəyirlər. Hamı düşünür ki, Volodimir Zelenski Qərbin kadrıdır, lakin bu belə deyil. O, birbaşa Rusiyanın, şəxsən Prezident Putinin yetişdirdiyi şəxsdir. Onun Ukrayna lideri olması ilə başlayan bu savaşda Rusiyanın torpaqlarını genişləndirməyə başlaması təsadüfən üst-üstə düşmədi. Əvvəlcədən müəyyən olunduğu qədər Rusiyaya torpaq verildi, hazırda isə barışıq mərhələsinə keçilir”.
Ekspertin sözlərinə əsasən, bunun əvəzində Rusiya İsrailə dəstək verərək Fələstinlə bağlı siyasi mövqeyini korrektə edəcək:
“Trampın Putinlə pozitiv münasibəti və simpatiyasının kökündə də əslində bu dayanır. Sülhdən sonra Rusiyanın İsrail və ABŞ ilə bağlı mövqeyi xeyli yumşalacaq, Tramp isə sülh göyərçini kimi təqdim olunacaq. İsrailin regionda böyüməsi üçün Rusiyanın razılığı vacib idi. Çünki Türkiyə və İran da daxil olmaqla, Rusiyanın təsir edə biləcəyi ölkələr mövcuddur. Bütün bu məqsədlərlə belə bir siyasi ticarət həyata keçirildi. Ukraynaya yəhudi əsilli rəhbər gətirildi, ölkə savaşa təhrik edildi. Torpaqların Rusiyanın işğalına şərait yaradıldı, daha sonra isə sülh bağlanacaq. Nəticədə Moskva da ABŞ-nin və İsrailin maraqlarına cavab verən addımlar atacaq. Ukrayna məsələsi əslində Yaxın Şərqdəki proseslərlə birbaşa əlaqəlidir. Avropa İttifaqı bütün bu həqiqətlərin içində olduğu və Ukrayna ilə bağlı qarşıda əlavə planların mövcudluğunu bildiyi üçün üzvlük məsələsinə Macarıstanın dili ilə etiraz edir. Ukrayna üzərindən böyük güclər arasında siyasi mübadilə gedir. Bu proses başa çatana qədər Ukraynanın üzvlük məsələsi reallaşa bilməz. Qərblə Rusiya Ukraynanı bölüşdürür. Rusiyanın maraqları təmin olunub Yaxın Şərqdə Qərbin və İsrailin maraqlarını qorumağa başladıqdan sonra Ukraynanın Qərbin payına düşən hissəsinin üzvlüyü ilə bağlı heç bir problem qalmayacaq. Lakin hazırda Ukrayna üzv olarsa və ya bu məsələ aktuallaşarsa, sözügedən bölgü mümkün olmaz. Çünki İttifaqa daxil olan Ukrayna toxunulmazlıq qazansa da, razılaşmada nəzərdə tutulan hissənin Rusiyaya çatması uğrunda müharibə davam edə bilər”.
Məsələ ilə bağlı açıqlama verən politoloq Turab Rzayev bildirib ki, burada əsas məsələ ondan ibarətdir ki, Ukrayna üçün sülh zəmanəti faktiki olaraq Ukraynaya qarşı hər hansı təhdid yaranacağı təqdirdə Qərbin, Avropa İttifaqının və ABŞ-nin kollektiv şəkildə müdaxilə etməsi zərurətini doğurur.
“Əslində bu, Ukrayna NATO-ya üzv olmasa belə, alyansa bu missiyanın dolayısı yolla yüklənməsi deməkdir. Məsələ ondadır ki, əgər Ukrayna NATO üzvü olsaydı, ona qarşı hər hansı hücum zamanı NATO-nun reaksiya verməsi məcburi olardı. İndi isə faktiki olaraq NATO birbaşa reaksiya verməsə belə, bu öhdəlik digər Qərb qüvvələrinin üzərinə qoyulur. Ukraynanın istədiyi də məhz budur. Macarıstan isə bu səbəbdən razı deyil. Çünki əgər sabah Ukraynaya Rusiya ilə bağlı hər hansı təhlükə və ya Rusiyanın mövqeyi fonunda eyni təhlükəsizlik qarantiyaları verilərsə, yaxud Ukrayna ilə Qərb arasında geniş təhlükəsizlik və hərbi əməkdaşlıq təmin olunarsa, bu halda Rusiya ilə imzalanacaq istənilən müqavilə faktiki olaraq mənasını itirəcək. Bu isə yenidən Ukrayna üzərindən Qərblə Rusiya arasında toqquşma riskini artıracaq”.
Onun sözlərinə əsasən, böyük ehtimalla Rusiya bu şərtləri qəbul etməyəcək:
“Hətta qəbul etsə belə, gələcəkdə təhlükəsizlik zəmanətləri məsələsi yenidən Rusiya ilə toqquşma ehtimalını gündəmə gətirəcək. Eyni zamanda, Avropa İttifaqı üzvlərinin üzərinə də Ukrayna ilə bağlı konkret öhdəliklər qoyulur, yəni Ukraynanı müdafiə etmək məsuliyyəti formalaşır. Macarıstan isə Rusiya maraqlarının nəzərə alınmasını istəyir və Rusiya ilə birbaşa qarşıdurmadan çəkinir. Məhz bu mövqe Budapeştin Ukraynanın Avropa İttifaqına inteqrasiyası və təhlükəsizlik zəmanətləri ilə bağlı ehtiyatlı davranmasının əsas səbəblərindən biridir”.
Bəsti Rəfizadə
Sfera.az