İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Laricani Tehranda Rusiya Baş nazirinin müavini Vitali Savelyev ilə danışıqlar aparıb. Görüşün əsas mövzusu Şimal-Cənub nəqliyyat dəhlizi layihəsi olub. Laricani görüş zamanı qeyd edib ki, bütün mövcud inzibati maneələr ən qısa zamanda aradan qaldırılacaq və Şimal-Cənub dəhlizinin hüquqi və inzibati statusunun müəyyən edilməsi üçün lazımi razılaşmalar bağlanacaq.




Sözügedən dəhlizin açılması qısa zaman kəsiyində real görünürmü? Məlumdur ki bu dəhliz daha çox Rusiya və İranın geosiyasi-iqtisadi maraqlarına xidmət edir. Zəngəzur dəhlizinin açılması fonunda Tehran Şimal-Cənub dəhlizini sürətləndirməyə çalışa bilərmi?


 


Sfera.az-a bu barədə açıqlama verən politoloq Telman Nüsrətoğlu bildirib ki, Zəngəzur dəhlizi layihəsinə hər hansı bir geosiyasi qütbün layihəsi kimi yanaşılmamalıdır:


 


“Əslində bu dəhliz Azərbaycan və Türkiyənin, eləcə də Türk dünyasının xarici siyasətində bölgə və qlobal təhlükəsizlik konsepsiyasının mərkəzində dayanır. Burada əsas məqsəd bir-biri ilə rəqabət aparan geosiyasi qütblərdən birinin tərkib hissəsinə çevrilməmək, onların uzantısı olmamaq və müstəqil milli maraqlar zəminində siyasət yürütməkdir. Yeni formalaşan dünya düzənində Türkiyə və Azərbaycanın birlikdə güc mərkəzlərindən birinə çevrilməsi də bu yanaşmanın əsas hədəflərindən biridir.

Bu baxımdan Şimal-Cənub nəqliyyat dəhlizi də maraqlarımız baxımından son dərəcə önəmlidir. Zəngəzur üzərindən keçməklə, İran üzərindən Türkiyəyə uzanan xəttin inşası paralel şəkildə həyata keçirilərsə, daha çox imperial dayatmalara və xarici müdaxilələrə qapalı bir regional model qurmaq mümkündür”.


 



 


Politoloq Şimal-Cənub dəhlizinin eyni zamanda Azərbaycanın milli maraqlarına xidmət etməli olduğunu, Azərbaycan ərazilərindən, hətta Zəngəzur üzərindən keçərək İran və Türkiyəni birləşdirən, Araz xətti boyunca formalaşan bir layihə kimi dəyərləndirilməli olduğunu əlavə edib: 




“Bu, Qərb-Şərq nəqliyyat dəhlizinə alternativ deyil. Əksinə, Şimal-Cənub dəhlizinə alternativ ideya G20 zirvəsində Hindistanda səsləndirilmişdi. Həmin layihədə Hindistandan başlayaraq Bəsrə körfəzi, ərəb ölkələri və İsrail limanları üzərindən Avropaya uzanan alternativ yol nəzərdə tutulurdu. Bu da əslində nəqliyyat yolları və dəhlizlər üzərində gedən geosiyasi mübarizənin açıq göstəricisidir. Çünki əsas mübarizə məhz bu yollar və dəhlizlərə nəzarət uğrunda aparılır. Biz isə bu geosiyasi qarşıdurmaların heç bir tərəfində deyilik. Hər hansı blokun və ya qütbün maraqlarına xidmət etmirik. Bizim məqsədimiz balanslaşdırılmış və alternativli siyasət xətti ilə həm Qərb-Şərq, həm də Şimal-Cənub nəqliyyat dəhlizlərinin açıq qalması, bu yolların Azərbaycan ərazilərindən keçməsi və regionumuzda ticarət, iqtisadiyyat və logistik imkanların canlanmasına töhfə verməsidir. Bu kontekstdə, əgər Rusiya ilə İran arasında əldə olunan razılaşmalar real zəminə oturarsa, biz bunu Şimal-Cənub dəhlizi çərçivəsində, Rusiya, İran, Türkiyə və Azərbaycanın ticarət və iqtisadi münasibətlərini inkişaf etdirəcək bir zəmində dəyərləndirə bilərik”.


 


Fidan Hacızadə

Sfera.az