Məktəblilər arasında “snus” adlı saqqızabənzər, tütün tərkibli məhsul yayılıb.
Uşaqlara “snus”un və belə maddələrin zərərlərini necə anlatmaq lazımdır ki, bu, qadağa yox, maarifləndirmə olsun?
Bununla bağlı Sfera.az-a açıqlama verən psixoloq Elgül Ağarzayeva bildirib ki, bu mövzuya psixoloq mövqeyindən yanaşdıqda əsas məqsəd qorxutmaq və qadağa qoymaq deyil, uşağın düşünmə bacarığını oyatmaq və daxili məsuliyyət hissini formalaşdırmaqdır:
“Uşaqlara yalnız “olmaz”, “qadağandır” deyildikdə onlar müdafiə mövqeyinə keçir və maraqları daha da artır. Məsələn, “Snus qadağandır, istifadə etmə!” əvəzinə “Gəlin bunun nə olduğunu və bədənə nə etdiyini birlikdə anlayaq” demək daha məqsədəuyğundur. Bu yanaşma uşağa “mənim ağlıma güvənilir” mesajını verir. Sadə, real və qorxutmayan izahlar vacibdir. Məktəblilərlə tibbi terminlərlə yox, bədən dili ilə danışmaq daha effektlidir. Məsələn: “Snus ağız boşluğundan qana çox tez qarışan nikotin verir. Nikotin isə beynə “indi daha çox lazımdır” siqnalı göndərir. Beyin buna tez öyrəşir və bir müddət sonra onsuz çətin olur”. Bu cür izah asılılıq anlayışını qorxu yaratmadan çatdırmağa imkan verir”.
Psixoloq əlavə edib ki, ən vacib məqamlardan biri də “hamı edir” mifini dağıtmaqdır:
“Yeniyetmələr üçün qrup təsiri ən güclü faktorlardan biridir. Bu səbəbdən onlara sual vermək daha faydalıdır. Bu suallar yeniyetməni öz mövqeyini düşünməyə vadar edir. Eyni zamanda yeniyetmə ilə risk yox, nəticə üzərindən danışmaq lazımdır. Çünki uşaqlar risk anlayışını zəif hiss edir, amma nəticəni daha yaxşı anlayırlar. Hazır cavablar verməkdənsə, düşündürən suallar daha təsirlidir. Məsələn, “Səncə bunu istehsal edənlər bunu uşaqlar üçün ediblər?”, “Əgər zərərsizdirsə, niyə gizli satılır?”, “Bu maddə səni daha azad edir, yoxsa nəyəsə asılı vəziyyətə salır?” və.s Bu yanaşma uşağın öz qərarını verməsinə kömək edir və qadağadan daha güclü təsir yaradır”.
Fidan Hacızadə
Sfera.az